Məcburi köçkün gənclər arasında “Əsgərə salam” futzal turniri başlanıb - FOTO

Məcburi köçkün gənclər arasında “Əsgərə salam” futzal turniri başlanıb - FOTO Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilk dəfə olaraq məcburi köçkün gənclər arasında futzal turnirinə start verib.
Komanda
2 Fevral , 2020 16:45
Məcburi köçkün gənclər arasında “Əsgərə salam” futzal turniri başlanıb - FOTO

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilk dəfə olaraq məcburi köçkün gənclər arasında futzal turnirinə start verib.

Komitədən "Report“a verilən məlumata görə, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə təşkil edilən turnirdə Bakı şəhəri ərazisində məcburi köçkünlər üçün salınmış qəsəbələrin sakinlərindən ibarət 9 komanda mübarizə aparacaq. Turnirin keçirilməsində məqsəd məcburi köçkün gənclərin sağlam həyat tərzinə təşviq edilməsi, idmanın kütləviliyinin təmin olunmasıdır.

Bakı Olimpiya Stadionunda keçirilən açılış mərasimində çıxış edən komitənin sədr müavini Fuad Hüseynov ölkəmizdə məcburi köçkünlərə göstərilən dövlət qayğısından, bu kateqoriyadan olan gənclərin sağlam həyat tərzi keçirməsi üçün müvəqqəti məskunlaşma yerlərində son vaxtlar yaradılan şəraitdən söz açıb.

Bildirilib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi gənclər siyasətinin əsas məqsədi gənclərin fiziki, əqli və mənəvi inkişafına şərait yaratmaq, onların imkan və bacarıqlarının reallaşdırılmasına, sosial və iqtisadi problemlərinin həllinə, hüquqlarının müdafiəsinin təmin olunmasına kömək etməkdir.

Birinci vitse-prezident xanım Mehriban Əliyeva gənc nəslin fiziki və mənəvi sağlamlığına, sosial müdafiəyə xüsusi ehtiyacı olan uşaq və yeniyetmələrin cəmiyyətə inteqrasiyasına, onların həyatda öz yerini tutmasına, layiqli vətəndaş kimi böyüməsinə böyük qayğı göstərir. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bu sahədə səmərəli fəaliyyəti cəmiyyətdə dərin rəğbətlə qarşılanır.

Ölkə rəhbərliyinin tapşırığına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yeniyetmə və gənclərin vətənpətvərlik ruhunun yüksəldilməsi, fiziki və mənəvi sağlamlığının möhkəmləndirilməsi ilə bağlı təsirli və səmərəli tədbirlər həyata keçirir. Komitənin bu il yanvarın 17-də başlatdığı “Əsgərə salam” hərbi vətənpərvərlik aksiyası geniş ictimai dəstək qazanıb. Hazırda da davam edən bu aksiyaya qoşulanların sayı minlərlədir. Aksiya çərçivəsində yanvarın 30-da Ağdamda 1200 gəncin iştirakı ilə fləşmob təşkil edilib, rayon ərazisində xidmət edən əsgərlərlə görüş keçirilib.

Məcburi köçkün gənclər arasında ilk dəfə keçirilən “Əsgərə salam “ adlı futzal turniri gələcəkdə ənənəvi xarakter alacağı və regionları da əhatə edəcəyi bildirilib. Komandaların yaradılmasına və zəruri vasitələrlə təmin edilməsinə Dövlət Komitəsinin müvafiq strukturları, xüsusən, Mənzil İstismar Departamenti və qəsəbələrə xidmət edən mənzil-kommunal təsərrüfatı sahələri kömək göstəriblər. Turnirdə iştirak edən komandalar “Qarabağ”, “Həkəri”, “Ərgünəş”, “Şuşa", “Cəbrayıl", “Füzuli", “Çinar", “İmarət" və “Qarant” kimi doğma yurd yerlərimizi simvolizə edən adlarla da meydançaya çıxacaqlar.

Oyunlar iki həftə ərzində başa çatdırılacaq. Qalib komandalar kubok və hədiyyələrlə mükafatlandırılacaqlar.

Son xəbərlər

Orphus sistemi