Yuxarı

​Maksim Averin: "Komanda üzvlərimizlə birgə məqsədimizə çatdıq"

İlk mərhələdəcə irəli atılaraq ələ düşən fürsətdən maksimum yararlandıq

Bakı. 6 may. REPORT.AZ/ "Komanda üzvlərimizlə birgə məqsədimizə çatdıq". "Report"un məlumatına görə, bunu "Tour d’Azerbaidjan" veloyürüşündə ilk mərhələni mükafatçılar sırasında başa vuran Azərbaycanın "Synergy Baku" klubunun üzvü Maksim Averin deyib.

Təcrübəli velosipedçi ilk mərhələdəcə irəli atılaraq ələ düşən fürsətdən maksimum yararlandıqlarını və məqsədlərinə nail olduqlarını bildirib.

"Synergy Baku"nun digər üzvü, dağ mərhələsinin qalibi Elçin Əsədov bildirib ki, "Dağ kralı" adını almaq komandasının qarşısına qoyulan məqsədlərdən biri olub. O, belə şərəfə nail olduqları üçün sevindiyini vurğulayıb.

Yürüşün qalibi, Sloveniyanın "Adria Mobil" klubunun üzvü Marko Kump hamını qabaqlamasında sonuncu mərhələdə komanda yoldaşlarının həlledici rol oynadıqlarını bildirib. M.Kump deyib ki, daralmağa başlayan sonuncu mərhələdə məhz onların sayəsində irəli çıxmasına şərait yaradılıb: "Komanda yoldaşlarıma minnətdaram ki, irəli çıxmağıma şərait yaratdılar".

İkinci yerin sahibi, İtaliyanın "Androni Giocattoli" klubunda çıxış edən Françesko Kikki də komanda yoldaşlarının əməyini vurğulayıb: "Komanda üzvlərim mükafatçılar sırasında olmağım üçün çox çalışdılar. Velosipedçilər arasında boş məsafə yaranan kimi şərait yaratdılar ki, oradan önə keçim".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi