Yuxarı

​Mahir Məmmədov: "İkinci yer "SOCAR-Azərbaycan" üçün uğurlu nəticə sayıla bilməz" - MÜSAHİBƏ

Əllə püşkatmadan ən böyük zərbə “Odlar Yurdu” klubuna dəydi

Bakı. 30 oktyabr. REPORT.AZ/ Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, “SOCAR-Azərbaycan” şahmat klubunun rəhbəri Mahir Məmmədov mətbuat xidmətinin suallarını cavablandırıb. "Report" həmin müsahibəni təqdim edir...

- “SOCAR-Azərbaycan” şahmat klubu qitənin ən nüfuzlu klub turniri Avropa Kubokunda ikinci yeri tutdu. Ümumiyyətlə, komandanın mötəbər yarışda çıxışını necə qiymətləndirirsiniz?

- Komandanın çıxışını qiymətləndirmək üçün “SOCAR-Azərbaycan”ın tarixini, yaranma məqsədlərini bir daha xatırlamaq lazımdır. “SOCAR-Azərbaycan” fəaliyyət göstərdiyi 6 il müddətində superklub kimi tanınıb. Biz istəyirdik ki, şahmatçılarımız Avropa klub çempionatlarında Azərbaycan klubunun heyətində çıxış etsin. Məqsəd şahmatçılarımızın əcnəbi klublarda deyil, bizim komandada iştirak etməsi idi. Bildiyiniz kimi, əvvəllər Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov və digər şahmatçılarımız başqa ölkələrin klublarında mübarizə aparıb. Bütün layihələrdə ambisiyalı olduğumuza görə qarşıya ən yüksək hədəflər qoyuldu. Azərbaycanın və SOCAR-ın adını daşıyan klub ən güclü şahmatçılardan formalaşdırılmaqla yanaşı, yalnız yüksək yerlər uğrunda mübarizə aparmalı idi. Bu mənada ikinci yer "SOCAR-Azərbaycan" üçün uğurlu nəticə sayıla bilməz. İştirak etdiyimiz altı çempionatda iki dəfə Avropa Çempionlar Kubokuna sahib olmuşuq. İki dəfə gümüş medal, bir dəfə bürünc medala layiq görülmüşük. Bir dəfə isə 2 - 4-cü yerləri bölüşdürsək də, əlavə əmsallara görə mükafatçılar sırasından kənarda qalmışıq. Biz Azərbaycanda keçiriləcək 2016-cı il Şahmat Olimpiadası ərəfəsində çempion olacağımıza ümid edirdik. “SOCAR-Azərbaycan” reytinqə görə turnirin birinci komandası idi. Əfsuslar olsun, reytinqə görə ikinci olan “Sibir” komandası 5-ci turda prinsipial matçda 1 xal üstünlüklə bizə qalib gəldi. Bu yarışda bəxt tərəfimizdə olmadı. Son turda lider olan “Sibir” 2:4 hesabıyla uduza bilərdi, SOCAR-Azərbaycan isə eyni hesabla qələbə qazanmağa yaxın idi. Bu halda Azərbaycan təmsilçisi çempion olacaqdı. Son turda hər iki komanda heç-heçə oynadı və təmsilçimiz gümüş medalla kifayətləndi. “SOCAR-Azərbaycan” tarixində iki dəfə çempion olub. Ona görə də gümüş medal bizim üçün uğurlu nəticə sayıla bilməz.

- Gəlin, bir qədər heyət barədə danışaq. “SOCAR-Azərbaycan”da çıxış edən şahmatçıların oyunundan razı qaldınız?

- Əfsuslar olsun ki, Aniş Giri və Fabiano Karuanadan onların səviyyələrinə uyğun parlaq oyun görmədik. Yəqin, buna səbəb onların yorğunluğudur. Bəlkə də Avropa Kuboku şahmatçıların təqvimində onlar üçün o qədər vacib yer tutmur. Veselin Topalov bir partiyanı çıxmaq şərtiylə bütün oyunlarda yüksək səviyyəsinə uyğun çıxış etdi. Məncə kapitan 5-ci turdakı prinsipial görüşü nəzərə almalı idi. Veselin Topalovla Vladimir Kramnikin görüşlərinin prinsipial olması hamıya məlumdur. Bu görüşdə ağ fiqurların üstünlüyü çox yüksək olur. Topalov özü kapitandan xahiş etməli idi ki, həmin görüşdə iştirak etməsin. Teymur Rəcəbov yaxşı mübarizə nümayiş etdirdi. Maykl Adams uduşa yaxın olan və ya uduş görsənməyən partiyalarda gözəl qələbələr qazandı. Turnir zamanı komandaya çox kömək etdi. Ona böyük minnətdarlığımızı bildiririk. Adamsın oyununa heyran oldum. Şəhriyar Məmmədyarov öz səviyyəsindən bir qədər aşağı çıxış etdi. Rauf Məmmədovla Eltac Səfərlinin oyununda qeyri-adi parıltı görmədim.

- “SOCAR-Azərbaycan” 6 ildir Avropa Kuboklarında superklub kimi rəqib tanımır. Bu il güclü şahmatçılardan formalaşan güclü “Sibir” klubu yarandı. Demək olar ki, məhz bizim komandamızın hegemonluğuna son qoymaq üçün yaradıldı?

- “Sibir”in çox güclü sponsoru var – “Sibirbank”. Rusiya Federasiyasında "Sibirbank" ən böyük bankdır. Rusiya böyük şahmat potensialı, tarixi və güclü klub ənənəsiylə hər zaman fərqlənib. Belə böyük şahmat ənənəsi olan Rusiya “SOCAR-Azərbaycan” klubunun qələbələrinə biganə qala bilməzdi. Onlar cavab verdilər, bu, layiqli cavab oldu.

- Avropa Kubokunda Azərbaycanı təmsil edən digər komandamız “Odlar Yurdu”nun çıxışı haqda nə düşünürsünüz?

- Avropa Kubokunda üçüncü dəfə çıxış edən “Odlar Yurdu”nun çıxışını uğurlu saymaq olar. Bu klubun yaranması haqda qərarı Emil Sutovskiylə müzakirələrdən sonra qəbul etdik. Məqsəd gənc və milli komandaya namizəd şahmatçılarımızı bir klubda cəmləşdirərək onların təcrübə qazanmasına yardımçı olmaq idi. Oynadığı bütün illərdə böyük əzmkarlıq göstərdilər. Ötən il hətta 5-ci olmuşdular. Bu klubla bağlı məqsədimizə çatdıq. Hər hansı bir şahmatçı tərəfindən tamamilə uğursuzluq olmadı. “Odlar Yurdu” hər zaman mübarizə əzmi ilə seçilib, bir ailə kimi çıxış edib. Lazım olanda “SOCAR-Azərbaycan”ın rəqiblərinə problem yaradıblar. İstənilən rəqiblə sona qədər mübarizə aparıblar. Bu çempionat onlar üçün bəxtsiz oldu. Yarış zamanı bildiyiniz kimi püşkatma ilə bağlı problem yaşandı və bu “Odlar Yurdu”nun əleyhinə işlədi.

- Uzun müddətdir mötəbər şahmat yarışlarının təşkilatçılığına rəhbərlik edirsiniz. Müasir dövrdə Avropa Kuboku kimi səviyyəli yarışda püşkün əl ilə keçirilməsi nə dərəcədə düzgündür?

- Mənim üçün bu, tamamilə gözlənilməz və təəccüblüdür. Bu barədə Avropa Şahmat İttifaqının prezidenti Zurab Azmayparaşvili ilə mövqeyimizi bildirəcəyik. Məsələyə aydınlıq gətirmək lazımdır. Gələcəkdə milliyyətindən asılı olmayaraq, hər hansı hakim əllə püşkü normal qəbul edəcəksə, biz həmin yarışda iştirak etməyəcəyik. Ümumiyyətlə Avropa Şahmat İttifaqı əllə püşkün keçirilməsini düzgün hesab edirsə, biz buna sərt şəkildə münasibətimizi bildirəcəyik. Püşkatmadan ən böyük zərbə “Odlar Yurdu” klubuna dəydi. Nisbətən uyğun rəqib düşsəydi, komandamız hətta 5-ci yerə qədər yüksələ bilərdi. Kapitan kimi Emil Sutovski bu məsələ ilə bağlı müraciət edəcək. Ümid edirik ki, münasibət bildiriləcək və günahkar varsa, cəzalandırılacaq.

- Noyabrın 12-də İslandiyanın paytaxtı Reykyavikdə milli komandalar arasında Avropa çempionatına start veriləcək. Azərbaycan millisinin qarşısına hansı məqsəd qoyulub?

- Qitə birinciliyi ərəfəsində şahmatçılarımız təlim-məşq toplanışında iştirak edəcək. Hazırlıq yaxın günlərdə başlayacaq və Avropa çempionatının startına qədər davam edəcək. Kişi şahmatçılarımızdan ibarət Azərbaycan yığması psixoloji yükü hiss edir. Millimiz son Avropa çempionatının qalibidir. Sözsüz ki, komandamız yarışda titulunu qorumaq uğrunda mübarizə aparacaq. Ümid edirəm ki, millimiz məqsədinə nail olacaq. Yığmanın yeni üzvü Arkadi Naydiç bu işdə şahmatçılarımıza kömək edəcək. Qadın şahmatçılardan isə əzmkar mübarizə gözləyirik.

- Siz eyni zamanda Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin direktoru kimi mötəbər yarışın keçirilməsinə rəhbərlik edirsiniz. Şahmat Olimpiadası ilə bağlı hansı yeniliklər var?

- Bakıda Dünya Kuboku başa çatandan bir gün sonra artıq Şahmat Olimpiadası haqda düşünməyə başladıq. Hətta Dünya Kuboku günlərində Olimpiada ilə əlaqədar FİDE rəsmiləri ilə vacib görüşlərimiz oldu. Bu dəqiqə iş sürətlə davam edir. Olimpiadanın miqyası, iştirakçıların sayı, məsuliyyəti qarşıdan gələn 9-10 ayın o qədər çox müddət olmadığını göstərir. Biz çalışacayıq ki, Bakıdakı yarış tarixdə ən yaxşı Şahmat Olimpiadası kimi qalsın.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi