IV İslam Həmrəyliyi Oyunlarının biletlərinin satışa çıxarılacağı tarix açıqlanıb

IV İslam Həmrəyliyi Oyunlarının biletlərinin satışa çıxarılacağı tarix açıqlanıb IV İslam Həmrəyliyi Oyunları Əlaqələndirmə Komissiyasının 4-cü iclası keçirilib
Komanda
8 Noyabr , 2016 16:51
IV İslam Həmrəyliyi Oyunlarının biletlərinin satışa çıxarılacağı tarix açıqlanıb

Bakı. 8 noyabr. REPORT.AZ/ Bu gün IV İslam Həmrəyliyi Oyunları Əlaqələndirmə Komissiyasının 4-cü iclası ilə əlaqədar mətbuat konfransı keçirilib.

"Report"un məlumatına görə, konfransda Oyunların icraçı direktoru, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, İslam Həmrəyliyi İdman Federasiyasının 2-ci vitse-prezidenti Çingiz Hüseynzadə, federasiyanın baş katibi Faysal Əbdüləziz əl-Nassar, federasiyanın 1-ci vitse-prezidenti, Əlaqələndirmə Komissiyasının sədri, polkovnik Hamad Kalkaba Malbum və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Ağacan Abıyev iştirak ediblər.

A.Rəhimov bildirib ki, komissiyanın 4-cü iclasında vacib məsələlərlə bağlı qərarlar qəbul olunub. O, Təşkilar Komitəsinin və işçilərinin artıq işlərinin başında olduğunu, bütün departamentlərdə işlərin getdiyini bildirib: "Ölkənin 16 idman qurğusunda yarışlar keçiriləcək. Nəqliyyat, qidalanma və digər məsələlərdə dost olimpiya komitələri ilə geniş iş aparılır. Hazırda 49 olimpiya komitəsi öz iştirakını təsdiqləyib. Ən vacib məsələ yarış cədvəlinin hazırlanmasıdır. Bu da idmançıların sayından asılıdır. Düşünürük ki, ən azı 3 - 3.5 min idmançı yarışlara qatılacaq. Lakin onların tərkibi, hansı idmançıların gələcəyi hələ dəqiq deyil. Bundan sonra akreditasiya məsələləri həll olunacaq. Biz bununla Azərbaycanı, İslam həmrəyliyini dünyaya çatdırmaq istəyirik. Əməliyyat Komitəsində 500-ə yaxın mütəxəssis işləyir və işlər aparılır".

Nazir IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimlərindən də danışıb: "Belə yarışlarda açılış və bağlanış mərasimlərinin məxsusi yeri var. Dünyanın diqqəti məhz açılışdan sonra yarışlara yönəlir. Açılış bugünədək keçirilmiş mərasimlərdən heç də zəif olmayacaq. Onun tam ssenarisini açmaq istəmirik. Bu sirr olaraq qalsın. Müxtəlif tarixi mövzulardan söhbət açılacağını deyə bilərəm. Mən sizə zəmanət verirəm ki, çox maraqlı olacaq. Biletlər idman qurğularının yanındakı kassalarda satılacaq. Təxminən mart və aprel ayında satışa çıxarılacaq. Qiymətlərə gəlincə, bunlar "Bakı 2015" I Avropa Oyunlarındakından çox olmayacaq".

O, idmançıların bu yarışlara hazırlığından söz açıb: "Hazırlıq tam şəkildə gedir. Heç vaxt medallarla bağlı proqnoz verməmişəm. Avropa Oyunlarında medal sıralamasında ikinci yerə çıxdıq. Çox istərdik ki, ən azı belə bir nəticə təkrarlansın".

Polkovnik Hamad Kalkaba Malbum oyunların yüksək səviyyədə keçirilməsinə əminliyini ifadə edib: "Anlayırıq ki, Azərbaycan Respublikasının Prezidenti bu Oyunlara yüksək önəm verir və dəstəkləyir. Bu oyunların hazırlığında gözəl ab-hava, gözəl ruh var. Biz bunu sezirik. İnanıram ki, bu yaırşların gözəl keçirilməsinə şərait federasiyamız adından bildiririk ki, burada iştirak etmək bizim üçün şərəfdir. Şübhəsiz ki, yarışlara qədər lazımi məkanlar, arenalar hazır olacaq. Avadanlıq və yerləşmə məsələlərində heç bir problem yoxdur. Jurnalistlərdən xahiş edirəm ki, siz də bu yarışlar üçün maarifləndirməyə öz tövhənizi verəsiniz. Sizə bu işlərdə uğurlar arzulayıram".

Son xəbərlər

Orphus sistemi