"Qarabağ"ın futbolçuları "İmarət" azarkeş qrupu tərəfindən mükafatlandırılıb

"Qarabağ"ın futbolçuları "İmarət" azarkeş qrupu tərəfindən mükafatlandırılıb Mükafatlandırılanlar azarkeş qrupuna təşəkkürlərini bildiriblər
Komanda
10 Dekabr , 2016 20:17
Qarabağın futbolçuları İmarət azarkeş qrupu tərəfindən mükafatlandırılıb

Bakı. 10 dekabr. REPORT.AZ/ "İmarət" azarkeş qrupunun 2016-cı ilin yekunlarına həsr olunmuş tədbiri keçirilib.

"Report"un məlumatına görə, tədbirdə azarkeşlər, komandanın futbolçuları, baş məşqçi Qurban Qurbanov, icraçı direktor Əmrah Çəlikəl, millət vəkili Fazil Musatafa, Peşəkar Futbol Liqasının rəsmiləri və jurnalistlər iştirak edib.

Tədbirin başlanğıcında Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca azarkeş qrupunun üzvləri cari ildə görülən işlər barədə məlumat verib. Qonaqlara "İmarət" və "İmarət Avropa"nın bu il gördüyü işləri əks etdirən videoçarx nümayiş etdirilib.

Bundan sonra keçmiş futbolçu Gülağa Məmmədov qonaqlar önünə keçib. Sabiq futbolçu Ağdamla, "İmarət"lə bağlı xatirələrini danışıb: "Artıq "Qarabağ" futbolla səsini dünyaya çatdırır. Müharibə vaxtı idi. Futbolçular oynamaq yox, döyüşmək istəyirdi. Rəhmətlik Fred Asifə vəziyyəti dedim. O mənə belə cavab verdi: "Gülağa, mən döyüşə 11 min adam taparam, amma futbol oynamağa 11 nəfər tapmaram. Siz gedin futbolu oynayın. Elə oyunlar olub, matçdan sonra azarkeşlər bizə deyib ki, bu nə oyundur? Oynamasaydınız, daha yaxşı idi. Bu da onu göstərir ki, Ağdamda futbolu bilirlər. Ağdam komandası siyasi komandadır. İndi Rəşad Sadıqov var və onu komandanın beyni sayıram. "Qarabağ"ın üstünlüyü odur ki, heç kimdən qorxmamışıq".

Daha sonra klubun icraçı direktoru Əmrah Çəlikəl fikirlərini bildirib. O, ilk olaraq klubun yaranma tarixinin 1987 olması ilə bağlı danışıb: "1951-ci ildə yaranan klubun davamçıları başqa komandalar olub. Biz 1987-ci ildə klubu Adil Nadirovdan təhvil almışıq. Bu səbəbdən də klubun yaranma tarixi 1987 olaraq göstərilib. "İmarət"ə gəlincə, iki əvvəlki qrupla indiki arasında fərq böyükdür. Bizim "İmarət" hər yerdə bizi dəstəkləyirdi. Avropada, Azərbaycanda, toplanışlarda hər zaman bizə dəstəklərini əsirgəmirlər. Mən də öz növbəmdə hər cür dəstək verməyə hazıram. İnanıram ki, bu cür görüşləri Ağdam stadionunda keçirəcəyik".

Tədbirin gedişatında komandanın futbolçuları Dani Kintana, Maksim Medvedev, Rəşad Sadıqov, Azərbaycan Premyer Liqasının rəsmi yayımçısı "CBC Sport" kanalı, millət vəkili Fazil Mustafa "İmarət" azarkeş qrupu tərəfindən mükafatlandırılıb.

Mükafatlandırılanlar azarkeş qrupuna təşəkkürlərini bildiriblər.

Sonda komandanın baş məşqçisi Qurban Qurbanov qonaqlar önünə dəvət olunub. O, həmişə azarkeşlərin yanında olduqlarını və komandanın də "İmarət"ə ehtiyacı olduğunu bildirib: "İldən-ilə daha da güclü olmalıyıq. Bu gün də bunu bacardıq. Komanda ilə daha yaxşı nəticələr əldə edəcəyik. Məqsədimiz "Qarabağ"ın daha da irəlidə olmasıdır"

Son xəbərlər

Orphus sistemi