Dörd gün davam edəcək yürüşün həyata keçirilməsi üçün ADEİNFA tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müvafiq müraciət ünvanlanıb. Müraciətə əsasən, Şahdağ Milli Parkında qərargah yaradılıb. Tədbirin yüksək məramı nəzərə alınaraq, yürüş müddətində “Heydər zirvəsi”nə kütləvi yürüş edəcək şəxslər Milli Parkın yüksək dağlıq ərazilərinə daxil olmaq üçün müəyyən edilmiş birdəfəlik giriş haqqından azad ediləcək. İştirak arzusunda olanlar sənədləşmənin aparılması üçün noyabrın 25-dək qərargaha və ya FAİREX-ə müraciət edə bilərlər. Əvvəllər Şahdağ Milli Parkının mühafizə rejimini pozan müxtəlif təşkilatlar, idman klubları, Milli Parkın “qara siyahı”sına daxil edilmiş, o cümlədən idman etikası və idman davranış qaydalarını pozmuş şəxslər yürüşə buraxılmayacaq.
Qeyd edək ki, sənədlər (fərdi anket vərəqi və şəxsiyyət vəsiqəsinin surəti) yürüş üçün müraciət olunan tarixdən ən geci 10 gün müddətində təqdim edilməlidir. Sənədləri vaxtında təqdim etməyən şəxslərə Milli Park ərazisinə giriş üçün icazə verilməyəcək.