Yuxarı

Faiq Qarayev: "Prezident mənə çempionatı, komandaları milliləşdirməyi tapşırıb" - MÜSAHİBƏ

Klublarda əcnəbi oyunçularla yerlilər arasında rəqabət düzgün getmir

Bakı. 21 may. REPORT.AZ/ Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti və milli komandanın baş məşqçisi Faiq Qarayevin "Report"a müsahibəsi:

- Yığma məsuliyyətli dövrə qədəm qoyur. Mayın 23-də və 30-da Avropa çempionatının sonuncu təsnifat mərhələsində Slovakiya ilə oyunlar olacaq. İyunun 12-dən isə Avropa Oyunları başlanır. Hazırlıqlar necə gedir?

- Azərbaycan Super Liqası yekunlaşdıqdan sonra milli komandanın təlim-məşq toplanışı başlanıb. Natalya Məmmədovadan başqa bütün oyunçular yığmaya cəlb olunub. 25-ə yaxın gənc voleybolçu və millinin oyunçuları toplanışdadırlar. Doğrudan da çox çətin dövrdür. Seçmə mərhələdən sonra I Avropa Oyunları keçiriləcək. Komanda birinci məşq toplanışını Türkiyədə keçirdi. Orada 3 yoxlama oyunu baş tutdu. İndi Bakıda toplanış keçirik. Bizi mayın 23-də Slovakiya ilə gərgin oyun gözləyir. Mayın 30-da isə cavab oyunu olacaq. Daha sonra Slovakiyadan Sloveniyaya keçəcəyik və iyunun 7-dək orada təlim-məşq toplanışında olacağıq. Toplanış müddətində ABŞ, Xorvatiya və daha 3 yığma ilə yoldaşlıq görüşü keçirəcəyik. İyunun 8-dən isə yığma üzvləri Atletlər Kəndində məskunlaşaraq, Avropa Oyunlarının son hazırlıqlarına başlayacaqlar. Yəni, qrafik çox sıxdır. Həmişəki kimi, komandada zədə problemi var. Çalışırıq ki, bunları aradan qaldıraq. Yana Ağayevə bu il Polşada, Polina Rəhimova Cənubi Koreyada oynadı. Hər ikisi hazırda millinin düşərgəsindədir. Hər bir idmançıdan yaxşı oyun gözləyirik. İlk növbədə, Avropa çempionatına vəsiqə məsələsini həll etmək, sonra bütün diqqəti Oyunlara yönəltmək lazımdır. Orada da qrafiki gördünüz. Polşa, İtaliya, Belçika, Türkiyə, Rumıniya - hamısı güclü komandalardır. Bu, marafondur. Həm sağlamlığı, həm də məşqləri elə tənzimləmək lazımdır ki, komanda qrafikə dözə bilsin.

- Natalya Məmmədova Avropa Oyunlarını da buraxacaq?

- Bu yaxınlarda İsveçrənin Sürix şəhərində keçirilmiş klublararası dünya çempionatını izlədim. Natalya "Volero"nun heyətində çempionata qatılmışdı. Sonradan onunla Türkiyədə söhbətim oldu. Məmmədovanın qolundakı zədə tam bərpa olunmayıb. Məsələn, "Volero"da bir oyuna çıxa bilər, amma belə uzun marafonda sıx qrafikə dözə bilməz. Təcrübəli oyunçudur, istəyirik ki, ondan faydalanaq. Natalya Azərbaycan yığması üçün çox iş görüb. Bu gün bir oyunçu gəlib komandaya 60-70 faiz kömək edə bilmirsə, məncə, onu yığmaya çağırmaqla, Allah eləməsin, gəlib burada zədə almasını, karyerasını qurtarmasını istəmirəm. Klubda oynamasını istəyirəm. Klub yarışları bir az zəif olur. Onun hələ 2-3 ayı var və sonra yenidən müalicə olunacaq və Amerikaya gedəcək. Qolunu göstərəcək. Biz onu bu qrafikə soxsaq, nəticəsi pis olar. Ona görə də Məmmədova Avropa Oyunlarında oynamayacaq.

- Bəs, bu itki milli komandaya mənfi təsir etməyəcək?

- Məncə, o qədər də təsir etməyəcək. Əgər o, tam hazır olsaydı, yığmaya kömək edə bilərdi. Tək Məmmədova yox, məsələn, Valeriya Korotenko da qayıdıb. O, 2,5 aydır ki, məşq edir və oynamaq istəyir. Natalya da oynamaq istəyir, lakin oynaya bilmir. Bunlar tam fərqli şeylərdi. Çünki onun zədəsi qolda, çiyindədir. "Volero"da zərbələri vura bilmir. Bu cür oyunçunu gətirib zədəsini yenidən gücləndirməsini istəmirəm.

- Amma klublararası dünya çempionatında 3-cü yer uğrunda görüşün statistikasına nəzər yetirdikdə, Məmmədovanın kifayət qədər xal topladığı görünür...

- Həmin oyun çox zəif oldu. Çünki Braziliya "Reksona"sı yarımfinalda Türkiyənin "Eczacıbaşı" komandasına uduzduqdan "Volero" ilə 3-cü yer uğrunda görüşdə çox zəif təsir bağışladı. Mən özüm o oyunu izlədim. Hətta 3 oyunçu 2-ci "altılığ"ın üzvü idi. Yəni, Natalyanın belə oyunda xallar qazanması göstərici deyil. Digər tərəfdən, hər hansı oyunçu hazır deyilsə, zədəsi, problemi varsa, o meydana çıxa bilməz. Çünki o, komandadıkı əhvali-ruhiyyəni də pozur. Misal üçün evi götürək. Ailə üzvlərindən kimsə xəstələndisə, o evdə hamının əhvali-ruhiyyəsi pozulur. Bu da yığma komandadır və oyunçuların hamısı sağlam olmalıdır. Məmmədovanın yığmada gözəl oyunları olub və çox köməyi dəyib. Öz klubu ilə müqaviləsi var və 5-10 manat pul qazanır. İstəmirəm ki, gəlsin yığma komandada zədə alsın, karyerasını qurtarsın. Mən də icazə verdim, dedim ki, qoy, zədəsi keçsin. Hələ oktyabrda Avropa çempionatı var, bəlkə ona qədər düzəldi? Biz Natalyanı milli komandada görməkdən ancaq qürur duyarıq. Amma zədəsi o qədər ciddidir ki, klubu ilə müqaviləsi pozula bilər. Qolu yaxşı olmasa, həkimlər oynamasına icazə verməz. Onun qolu əməliyyat olunub. Mən mütəxəssislərlə danışdım, qol 30 faiz işləyir. Yəni heç 60-70 faizə gəlib çatmır. Məsələ belədir.

- Ötənilki dünya çempionatı ilə müqayisədə heyətdəki itkilər azdır. Natalya Məmmədovadan başqa itki yoxdur. Bu, Azərbaycan yığmasının Avropa Oyunlarında daha yaxşı nəticə göstərə bilmək üçün şanslarını artırmır?

- Bilirsiniz, hər dövrün öz xüsusiyyətləri olur. Hələ Avropa Oyunlarınadək vaxt var. İndi başlıca məqsəd son təsnifat mərhələsində Slovakiyanı üstələyərək, Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaqdan ibarətdir. Oyunçular klubdan gəliblər. Yığmanın hazırlıq üçün vaxtı çox az olub. Bizim heç bir klubumuz bu il uğurlu çıxış etmədi. Oyunçuların çoxu "Azəryol"dan gəldi. Çempionatda üçüncü oldular, avrokuboklarda çox pis çıxış etdilər. Dünya çempionatından sonra klublara hazır vəziyyətdə oyunçular göndərdim. Odina Əliyevanın problemi vardı. Yığma komandanın düşərgəsində müailicə olundu və yaxşı oynadı. Eləcə də Kseniya Kovalenko. Dünya çempionatında Yaponiya, Puerto-Riko, Xorvatiyanı udduq, İtaliya ilə başabaş mübarizə apardıq. Amma indi voleybolçular klubdan milliyə hazır vəziyyətdə gəlməyiblər.Halbuki öz klublarının heyətində daha çox - 7-8 ay olublar. Bizdə isə 10-15 gün birgə çıxış edirlər. Məşq prosesini saysanız, görərsiniz ki, 20-25 məşqə çıxırlar. Bu müddət ərzində oyunçu hazırlamaq çox çətin məsələdir. Dünya çempionatı öncəsi isə 2-3 ay vaxt var idi və bu müddətdə voleybolçuları hazırlaya bildik. Az vaxt ərzində isə bu, çox çətindir. Dediklərim təkcə voleybola aid deyil, futbolda da, basketbolda da belədir. 15-20 günə komanda hazırlamaq çox çətindir. Avropa çempionatına çıxsaq, 2-3 ay vaxtımız olacaq. Bu gün heç bir mütəxəssis deyə bilməz ki, 15-20 günə komandanı hazır edə biləcək.

- Voleybolçular niyə klublarda hazır olmurlar? Axı ötən mövsümdən hər klubda 2 yerli voleybolçunun çıxış etməli olduğu barədə qərar çıxarılıb. Onlar səviyyəli legionerlərlə çiyin-çiyinə oynayırlar və çempionatın səviyyəsi aşağı deyil...

- Bu, çox maraqlı sualdır. Bunu deyə bilərəm ki, oyunçular milliyə böyük ruh yüksəkliyi ilə gəlirlər. Klublar da onlara yaxşı şərait yaradırlar. Ancaq belə görünür ki, klublar bir sistem qura bilmirlər. Amma yığmada nizam-intizam, gündə 2-3 məşq... Bunların hamısı nəzarətdədir, amma klublarda belə deyil. Elə fikirləşirəm ki, əcnəbi oyunçularla yerlilər arasında rəqabət düzgün getmir. Hardasa legionerlərə daha çox üstünlük verilir. İkinci problem isə xarici məşqçilərlə bağlıdır. Onları qınamıram, çünki müqavilə ilə gəlirlər və onlara sadəcə, lazımdır ki, qələdə qazansın. Amma hansı oyunçunu necə hazırlasın, Azərbaycan yığmasının oyunçusuna necə yanaşsın... Sual verə bilərsiniz ki, bu, sizin əlinizdədir. Mən məşqçilərlə görüşürəm və öz fikrimi deyirəm. Futbolda da belə problem var. Uzun müddətdir futbolu izləyirəm. Məşqçilər klublara gəldikdə, milli üçün çalışmalıdırlar. Sən Azərbaycanda işləyirsənsə, millini də düşünməlisən. Oyunçuların psixologiyası üzərində işləməlisən, onları yetişdirməlisən. Baxın, klublarda oyunçu böyüyür? Böyümür, milli komandada böyüyür oyunçular. Biz apreldən oktyabradək milliyə 30-32 oyunçu götürmüşük. Onların hər şeyi sistem halında görülür. Bu da 2-3 il qabağı görməkdir. Klublardakı baş məşqçi və ya köməkçilərinin hamısı azərbaycanlıdır. Deməli, mən bütün klublardakı azərbaycanlıları milliyə yığmışam və hamısına vəzifə vermişəm.

- Belə çıxır ki, klublarda bu məsələnin həlli baş məşqçilərin ixtiyarında deyil. Daha yüksək səviyyədə, yəni klub rəhbərliyi onlara təsir edir ki, legionerləri oynat, ya da məşqçilərin işinə qarışırlar...

- Xeyr, mən onu deyə bilmərəm. Klub rəhbərləri məşqçilərin işinə qarışmır. Onu yüz faiz bilirəm. Klub rəhbərləri pul xərcləyir, sponsorlar var və istəyirlər ki, uğur qazansınlar. Bu da normal haldır. Hər bir klub rəhbəri istəyir ki, Azərbaycan Super Liqasında uğurlu olsun və Avropada Azərbaycanı təmsil etsin. Amma bir sual var. Mən 12 il Türkiyədə çalışmışam. Biz əlaqəli işləmişik. Yəni, Türkiyə yığması üçün də çalışırdım. Məqsədimiz o olub ki, Türkiyə yığmasına oyunçu yetişdirək. Klub məşqçiləri gəldikləri zaman rəhbərlik şərt qoymalıdır ki, klubun digər yaş komandalarına da diqqət yetirsinlər. Bu gün baş məşqçi yox, texniki direktor sözü var. O, klubun bütün texniki işlərinə baxır. Menecer isə ona kömək edir. Əvəzedicilərin oyununu keçiririk. Görün bir baş məşqçi gəlib onların oyununa baxır? Belə şeylər var. Biz gələn ildən klubların qarşısına şərt qoyacağıq ki, həftədə və ya 10 gündə bir dəfə məşqçilər bir araya gəlsin. Sadaladığım nöqsanlar məşqçilərlə görüşdə özlərinə də deyiləcək. Bura əcnəbi məşqçilər də daxildir. Çünki Azərbaycanda pul qazanırsansa, yığmanı da düşünməlisən.

- Belə fikirlər də var ki, klubların start heyətində 2 yerli voleybolçunun mütləq yer almalı olduğuna dair qərar klubların avrokuboklardakı çıxışına mənfi təsir etdi...

- Belə bir sual verim: Türkiyə və Rusiya modelinə baxın. Həmin ölkələrin çempionatlarında klubların heyətində neçə nəfər yerli voleybolçu oynayır?

- Türkiyə və Rusiyada yerli voleybolçuların səviyyəsi kifayət qədər yüksəkdir. Amma Azərbaycan Super Liqasında yerli voleybolçuların səviyyəsi legionerlərlə müqayisədə aşağıdır...

- Hansı azərbaycan legionerin səviyyəsi aşağıdır? Oksana Parxomenko, Polina Rəhimova, Odina Əliyevanınmı? Polina niyə Cənubi Koreya çempionatında çıxış edir? Başqa əcnəbiyə daha çox pul verəcəklərsə, elə Rəhimovanı saxlasınlar da... Federasiyanın məqsədi çempionat keçirmək və milliyə voleybolçu yetişdirməkdən ibarətdir. Hansısa klub "azərbaycanlı oynamasın" deyə şikayət edirsə, o klub nəyimə lazımdır? Orada 12 legioner olacaqsa, hiss edəcəksinizmi ki, o Azərbaycan komandasıdır?

- Elə komandaya azarkeşlər də can yandırmazlar...

- Bəli, belə də olar. Faiq Qarayev pis etdi ki, 2 azərbaycanlı oynasın? Biz hələ bunun sayını artırmalıyıq. Əlbəttə, avrokuboklarda uğur qazanmaq istərdik. Amma legioner istəyirsənsə, get xaricdə 8 əcnəbi ilə oyna. Mən sənin işinə qarışmıram ki... Türkiyədə komandalar daxili çempionatda bir, Avropada isə başqa heyətlə oynayırlar. "Eczacıbaşı" bu sistemlə Çempionlar Liqasını qazandı və dünya çempionu oldu. Sistem düz qurularsa, uğur da olar. Onda necə edək? Azərbaycanlıları oturdaq ehtiyatda? Keçən il millinin 6 oyunçusu ehtiyatda otururdu. Bunlar 1 il necə oynasın?

- Sizə elə gəlmirmi ki, bu, federasiya səviyyəsində həll olunası bir məsələdir?

- Biz həll edirik. Bunu 2-3 il bundan əvvəl etmək istəyirdik. Ancaq klublar dedi ki, biz hazır deyilik və onlara 1 il güzəştə getdik. Federasiyanın prezidenti Ziya Məmmədovla məsləhətləşdik. O dedi ki, yerli voleybolçuların mütləq oynaması barədə qərarın icrasını 1 il də saxlayaq. Əgər Azərbaycan voleybolçuları oynamırlarsa, belə çempionat kimə lazımdır? Bəs yerli oyunçular harda böyüyəcəklər? Federasiya olaraq mənə nə qədər az xarici oyunçu gəlsə, o qədər yaxşıdır. Mən azərbaycanlı oyunçuların oynamasının tərəfdarıyam. Bu gün bir büdcə varsa, 5-6 komanda pul xərcləyirsə, çalışıram ki, onun 60-70 faizi Azərbaycanda qalsın. Bu gün isə əksinədir - 20-30 %. Həkim xarici, məşqçi xarici, köməkçi xarici, bəs azərbaycanlılar?

- Artıq 3 güclü komanda var. "Azəryol" və "Lokomotiv"də milli səviyyəsində oyunçular olsalar da, "Rabitə"də yüksək səviyyəli yerli voleybolçu yoxdur...

- Hazırda yığmanın düşərgəsində "Rabitə"nin 3 voleybolçusu var. Artıq onlar da milli üçün idmançı verirlər. "Rabitə" öz yolunu dəyişib və indi düzgün yoldadır. Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev bizim qarşımızda məqsəd qoyub və özü də mənə deyib ki, komandanı, çempionatı milliləşdirin. Biz bunu elədik və 2 komandamız avrokuboklarda final oynadı. Bunların hamısını keçmişik. Ancaq bunu uzunmüddətli etmək istəyiriksə, Azərbaycan çempionatında yerlilərin sayını artırmalıyıq. Ona görə bu gün mən 30-32 nəfər milliyə namizəd almışam. Niyə? Təsəvvür edin, apreldə oyunlar qurtardı. Oktyabradək bu oyunçular nə edəcəklər? Klublar hazırlığı sentyabrdan bərpa edir. Milli komandaya çağırılmasalar, oyunçular 6 ay yatacaqlar. Əvvəllər bizim 5-6 oyunçumuz vardı. Görün indi neçə nəfəri üzə çıxarmışıq? Bunların hamısını edən federasiyadır.

- Çempionatda bu qədər uzun fasilə niyə yaranır?

- Çempionatın bitməsinə 3 gün qalmış "İqtisadçı" klubu bağlandı. 3 ay camaat oturub cədvəl, proqram düzəldir, amma birdən-birə məlum olur ki, komanda çempionatdan çəkilir. Biz nə edək? Təzədən başlayırıq təqvim düzəltməyə.

- "İqtisadçı" dağılmasaydı, çempionatı daha tez başlamaq fikriniz vardı?

- 1 həftə tez başlamaq fikrimiz vardı. 6 komanda ilə başlamaq istəyirdik, amma 5 komanda qaldı.

- O zaman komandalar özləri də voleybolçulara ilboyu maaş vermək iqtidarında deyirlər?

- Hətta 4-5 komanda ilə elə təqvim düzəldə bilərik ki, çempionatı sentyabrda başlayıb dekabrda qurtarmaq mümkün olar. Klub pul xərcləyir. Bütün ölkələrdə çempionat aprel-mayda qurtarır. Federasiya klublara və onların xərclədiyi pula görə çempionatın təqvimini hazırlayır. Klublar idmançı ilə 8 aylıq müqavilə imzalayır. Əlimizdə 12 və ya 8 komanda olsaydı, o zaman sıx çempionat düzəldərdik və başqa cür olardı. Əlimdə 5 komanda varsa, çempionatı aprelədək uzatmalıyam. Çünki klub pul xərcləyir. Bunun reklamı, Avropa Oyunları var. Avropa Oyunları nə vaxt bitir? Biz fevralda çempionatı necə qutara bilərik? 5 komanda ilə necə uzadaq? Bu il 4 dövrə oynadıq. Deməli, komandaların sayını artırmaq lazımdır. Komandaların sayı çox olsa, çempionat da gərgin olar. Hələ avrokubokları demirəm. Məsələn, Serbiya ilə hər hansı Avropa komandası oynadıqda, minirlər avtobusa və 1 saatlıq yol gedirlər. "Azərreyl"ə isə Danimarkadan rəqib qismət olduqda, komandamız bir neçə təyyarə dəyişir. Getdilər orda - aeroportda qaldılar. Biz də klubları çağırırıq, məsləhət edirik ki, avrokuboklara daha yaxşı oynasınlar. Məşqçilərə də deyirik ki, sizə nə vaxt oynamaq rahatdırsa, deyin, daxili çempionatı ona görə tənzimləyək. Bunu heç bir federasiya eləmir. Bu, faktdır.

- Yeni mövsümdən nə gözlənilir: Yenə 5 komandamı? "Turan" komandası yaradılmışdı, onun aqibəti necə oldu?

- Xeyr, "Turan" komandası yoxdur. Layihədə vardı, o da "İqtisadçı"nın dağılması ilə əlaqədar idi. Yəqin ki, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi ilə birgə bu məsələ bir daha müzakirə olunacaq. Bilirsiniz ki, futbolumuzda da belə problem var və klublar bağlanır. İstərdik ki, 8-10 komanda olsun. Amma reallığı da nəzərə almaq lazımdır. Çalışırıq ki, komandaların sayı artsın. Bunun üçün isə böyük məbləğdə vəsait lazımdır. Bu gün komandanı saxlamaq, avrokubokda oynamaq çox çətindir. Elə-belə komanda saxlamaq olar. Amma ciddi komanda saxlamaq çətindir. Ona görə də yəqin ki, bununla bağlı biz federasiya olaraq məsləhətlərimizi edəcəyik və çalışırıq ki, bu məsələləri həll edək. Bu gün bütün ölkə Avropa Oyunlarına hazırlaşır. Ona görə yəqin ki, iyunadək bu məsələlər həllini tapmayacaq. Ancaq rəsmi olaraq 4 komandamız avrokuboklarda iştirak edəcək. Çempionatda iştirak edəcək komandaların sayı isə dəqiqləşəcək. Əlimizdə oyunçular var. Bəlkə də yeni sponsorlar tapılar. Biz böyük məmnuniyyətlə bunu edərik. Rəsmi olaraq "Azəryol", "Azərreyl", "Telekom" və "Lokomotiv" bu il avrokuboklarda çıxış edəcək.

- "Telekom", yoxsa "Rabitə"?

- "Telekom". Artıq "Rabitə" olmayacaq. Bu komandanın adı dəyişib. Sponsor "Telekom" adlandırılmasını istəyir.

- Axı "Telekom" komandası var idi? O komanda ləğv olundu?

- "Rabitə" "Telekom" oldu. Bəlkə o biri komandanın da adı başqa sponsorla bağlı olacaq, ya da tamamilə ləğv olunacaq? Bunu indidən demək tezdir.

- Klubların avrokuboklardan hansında oynayacağı dəqiqləşib?

- "Lokomotiv" və "Telekom" Çempionlar Liqasında oynayacaq. Güzəştli vəsiqə versələr, "Azərreyl" də Çempionlar Liqasına gedə bilər. "Azəryol" isə CEV Kubokunda oynayacaq. Qrafik bu cürdür. Rəsmi olaraq 4 komandamız avrokuboklarda oynayacaq.

- Sizə elə gəlmirmi ki, artıq olimpiadaya vəsiqə qazanmaq vaxtı çatıb?

- Avropa Oyunları lisenziya vermir. Olimpiadaya qədər də bu danışdıqlarımızı, sistemi bir yerə gətirməliyik. Klublarla çox böyük işlər aparılmalıdır. Klubların qarşısında məqsəd qoyulmalıdır. Bura gələn mütəxəssislərin hamısı Azərbaycan voleybolu üçün işləməli olduqlarını bilməlidirlər. Bu sistem olmadan, böyük nəticələrdən danışmaq ağırdır. Olimpiadaya lisenziya qazanmaq çətindir. Dünya çempionatının qalibi, Avropa çempionu belə olimpiadaya gedə bilmir. Olimpiadaya lisenziya üçün Dünya Kuboku da oynanılır. Gələn ilin yanvarında lisenziya turniri də olmalıdır.

- Lisenziya turnirini Bakıda keçirmək fikriniz var?

- Artıq 2017-ci il Avropa çempionatının Azərbaycanda və Gürcüstanda təşkilinə dair qərar qəbul olunub. 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirlərdən birinə də ev sahibliyi etmək niyyətindəyik. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi