Emin Əmrullayev: "Planlarla bağlı 6 ay ərzində məlumat verəcəyik"

Emin Əmrullayev: "Planlarla bağlı 6 ay ərzində məlumat verəcəyik" "Mənə göstərilən etimata görə təşəkkür edirəm.
Komanda
185
14 Dekabr , 2021 12:17
Emin Əmrullayev: Planlarla bağlı 6 ay ərzində məlumat verəcəyik
Emin Əmrullayev

"Mənə göstərilən etimata görə təşəkkür edirəm".

"Report"un məlumatına görə, bu fikirləri Azərbaycan Basketbol Federasiyasının prezidenti seçilən Emin Əmrullayev mətbuat konfransında deyib.

O bildirib ki, basketbolun inkişafının qısa müddətli formulu yoxdur: "Orta məktəblər və ali təhsil müəssisələrində basketbolun həyatın bir hissəsinə çevrilməsi bizim əsas hədəflərimizdən biridir".

E.Əmrullayevin sözlərinə görə, digər idman növlərində olduğu kimi basketboldada durğunluq olub: "Bunun da əsas səbəbi pandemiya idi. İlk 6 ay ərzində mediaya planlarla bağlı məlumat verəcəyik. Bu sahə planlaşdırılmış iş tələb edir. Milli komandanın neçə oyunçu arasından formalaşması da başqa mövzudur. 100, 1000 və 10000 nəfər arasından seçim ola bilər. Hələlik ilkin mərhələdə təhlillər aparmalı və hədəflər idman ictimaiyyətinə çatdırılmalıdır".

Yeni federasiya prezidenti Azərbaycan çempionatındakı vəziyyətdən də danışıb: "Biz vəziyyəti təhlil etməliyik. Çempionat məqsəd deyil, alətdir. Bu yarış ona görə keçirilir ki, rəqabət yaransın. Təbii ki, bizim çempionatımız olmalıdır. Məqsədimiz tezliklə çempionat keçirmək deyil. O, iki həftə gec başlaya bilər. Amma məqsədə xidmət etməlidir".

Əsas məqsədlərinin basketbolun kütləviliyi və Azərbaycanın nüfuzunu dünyada tanıtmaqdan ibarət olduğunu deyən E.Əmrullayev universitet komandalarının ölkə çempionatına daxil edilməsinin mümkünlüyünü vurğulayıb: "Sevindirici haldır ki, məktəblərdə ən çox sevilən idman növlərindən biri budur".

Basketbolda uğur qazanma potensialına da toxunan federasiya rəhbəri uğurlar qazana biləcəklərinə inam ifadə edib: "Basketbolun məktəblərdə yalnız idman növü kimi deyil, həm də komanda ruhunun təşviqi məqsədilə inkişaf etdirməliyik. Niyə də uğurlu alınmasın?! Sadəcə, zaman lazımdır. Mən təklif edirəm ki, insanları köhnə yeni, cavan və yaşlıya bölməyək. Biz istəyirik ki, Azərbaycanda basketbol inkişaf etsin. Kim bunu istəyirsə, qapımız onun üzünə açıqdır".

E.Əmrullayev hazırkı mərhələdə mütəxəssisə ehtiyac duyduqlarını da vurğulayıb: "Təhlildən danışırıqsa, bizə idmançı yox, mütəxəssis lazımdır. Hər sahədə yenilik olmalıdır və olacaq. "Biz hansı strukturla işləyirik" sualının cavabı da təhlildən sonra bilinəcək. Basketbolu bilən adamlar bu sahədə olmalıdırlar. İstək çox şeyi həll etmir, istənilən sahəni irəli aparmaq üçün maliyyə və resurs lazımdır. Hələlik müzakirə imkanımız olmayıb, sizinlə seçkidən dərhal sonra görüşürəm. Biz zamanın tələbinə uyğun çevik olmalı və problemlərə cavab verməliyik".

Son xəbərlər

Orphus sistemi