Çingiz Hüseynzadə: "Olimpiadaya vəsiqə sayı Vətən müharibəsinin müddəti qədər oldu"

Çingiz Hüseynzadə: "Olimpiadaya vəsiqə sayı Vətən müharibəsinin müddəti qədər oldu" Azərbaycanı Tokio-2020 Yay Olimpiya Oyunlarında təmsil edəcək komandanın formalarının təqdimat mərasimi keçirilib.
Komanda
167
13 İyul , 2021 19:34
Çingiz Hüseynzadə: Olimpiadaya vəsiqə sayı Vətən müharibəsinin müddəti qədər oldu
Çingiz Hüseynzadə

Azərbaycanı Tokio-2020 Yay Olimpiya Oyunlarında təmsil edəcək komandanın formalarının təqdimat mərasimi keçirilib.

"Report"un məlumatına görə, əvvəlcə tədbirdə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edib.

O bildirib ki, olimpiadaya 10 gün qalsa da, artıq nümayəndə heyətinin bəzi üzvləri oradadır.

Ç.Hüseynzadə idmançıların da Ordumuz kimi qələbələr qazanacağına əminlik ifadə edib: "Çox simvolik rəqəmlər var. Vətən müharibəsi də 44 gün davam etmişdi, vəsiqələrimizin sayı da 44 oldu. Bundan başqa, müstəqillik qazandıqdan sonra bizim üçün ilk sayılan Atlanta Yay Olimpiya Oyunlarına 1996-cı ilin məhz bu günü komanda şəklində qatılmışdıq. Qarşıdakı olimpiadada bizim medallarımız da, uğurlarımız da olacaq. Bizə lazım olan Azərbaycan xalqının dəstəyidir".

Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov isə idmançıların hazırlıq səviyyəsinin yüksək nəticələr göstərməyə imkan verdiyini vurğulayıb. O, olimpiyaçılar üçün lazımi şəraitin yaradıldığını da söyləyib: "Qoy, idmançılarımız Vətənə alnıaçıq, üzüağ qayıtsınlar"

Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vada Çüniçi bir ev sahibi kimi hər kəsi Tokioda görməkdən çox məmnun olacağını bildirib: "İlk olaraq, atletlərin sağlamlığını əsas gətirərək tamaşaçısız yarışlar keçirməyə qərar vermişik. Bu, idmançılara yaxşı təsir etməyə bilər, amma onlara televiziyalar qarşısında milyonlarla insanın azarkeşlik edəcəyini unutmamalıdırlar. Azərbaycanın 44 təmsilçisinə uğurlar arzulayıram. Onlar Yaponiyanın qonaqpərvərliyinə şahid ola bilərlər. Azərbaycan və Yaponiya idmançılarının finala çıxacaqlarına və hər ikisinə azarkeşlik edəcəyimizə əminəm".

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, professor Fuad Hacıyev idmançıların Tokioya zəfər yürüşünə yollandıqlarını vurğulayıb: "Vətən müharibəsində 78 tələbəmiz döyüşüb, təəssüf ki, onlardan 13 nəfəri şəhid olub. Olimpiadaya vəsiqə qazananlardan isə 15 nəfər, o cümlədən bayraqdarlar Rüstəm Orucov və Fəridə Əzizova akademiyamızın məzunlarıdır. Qarabağ zəfərini bizə yaşatmış oğullarımızın şərəfinə idmançılarımızın da bizə qələbə sevinci yaşadacaqlarına inanıram".

F.Hacıyev Akademiyanın məzunu, bayraqdarlar Rüstəm Orucov və Fəridə Əzizovaya xüsusi hədiyyələr və açıqcalar təqdim edib. Akademiya bu hədiyyələri 44 olimpiyaçının hər birinə hazırlayıb və yaxın günlərdə onlara çatdırılacaq.

Tədbir bədii hissə ilə davam etdirilib. Sonda olimpiyaçılar Oyunlar üçün hazırlanmış formalarını təqdim ediblər.

Son xəbərlər

Orphus sistemi