Azərbaycan Voleybol Federasiyasının prezidenti Cavid Qurbanov ölkə çempionatının açılış mərasimindən sonra keçirdiyi brifinqdə "Report"un da suallarını cavablandırıb...
- Artıq yeni mövsüm start götürdü. Çempionatdan, komandalardan nə gözləyirsiniz?
- Komandalarımız əsasən gənclərə üstünlük verirlər. 12 voleybolçumuz ölkə xaricində çıxış edir. Hamısı da ad qazanmış tanınmış voleybolçulardır. Polina Rəhimova, Yelizaveta Səmədova kimi qızlar dünya meydanlarında artıq öz sözlərini deyiblər. Əvvəllər əsasən qadınlar arasında çempionat olardı. İndi kişi komandalarımız da var. Həm
- Yanvarda keçiriləcək Avropa Olimpiya Təsnifat Turnirində qadınlardan ibarət Azərbaycan millisinin şanslarını necə dəyərləndirirsiniz?
- Fikir verdinizsə, söhbətin əvvəlində gənclərə üstünlük verildiyini bildirdim. Biz indi daha çox onların uyğunlaşmalarına çalışırıq.
- Oyunlar artıq bir yox, bir neçə zalda keçirilir...
- Bəli. Çalışacağıq Gəncədə də oyunlar keçirək. Qazaxda, Zaqatalada da bunun təşkilini istəyirik. Cənab Prezidentimizin dəstəyi ilə hər bir rayonda Olimpiya İdman Mərkəzləri tikilib. Hər cür şərait var. Biz də voleybolun daha çox ictimailəşməsinə, populyarlaşmasına çalışacağıq.
- Bölgələrdə mərkəzlərin yaradılması yönündə nə kimi işlər görüləcək?
- Bu, təkcə mənim yox, hər kəsin işidir. Ona görə də üzümü universitetlərə, nazirliklərə tuturam. Biz də bacardığımız qədər dəstək verəcəyik. Qızlardan ibarət komandalarımız həmişə yüksək yerlər tutublar. Dörd dəfə Avropa çempionatında 4-cü yerə qədər yüksəliblər.
- Maliyyə baxımından yük daha çox sizin üzərinizə düşür. Başqa sponsorların olması gözlənilirmi?
- Yəqin ki, yavaş-yavaş çoxalar. Bunun üçün zaman lazımdır. Məsələn, ABŞ-da komandalar ancaq universitetlərdə formalaşır. Orada əsas kriteriya pul sayılmır. Dövlətə xidməti ortaya qoyub, özlərini tanıtmağa çalışırlar. Biz də yavaş-yavaş bu pilləyə gələcəyik. Biznesmenlərimiz var, vergi qanununda da 20 faizə qədər güzəşt edilir. Yəqin ki, iş adamlarımız bunlardan istifadə edəcəklər.
- Hər bir voleybolçunun Azərbaycan himnini bilməsi vacibdir. Çempionat oyunlarını Azərbaycan himni ilə başlamaq fikrindəsiniz, yoxsa voleybol federasiyasının?
- Hər bir vətəndaşın ilk məsuliyyəti dövləti, dövlətçiliyidir. Öncə Vətən, dövlət. Vətən olmasa, heç nə olmaz. Hər kimsə dövlətin himninə bayrağına hörmətlə yanaşacaqsa, biz də ona hörmət edəcəyik. Dövlətini sevən onun ana laylası olan himnini bilməlidir.