"Sərhədçi" İdman Olimpiya Mərkəzində basketbol üzrə kişilər arasında XXVII Azərbaycan Super Liqası start götürüb.
"Report"un məlumatına görə, açılış matçında "Zirvə Astara" və "Gəncə" komandaları üz-üzə gəlib. Görüşü minədək tamaşaçı ilə yanaşı,
Görüş heyətində 3 legioneri olan "Gəncə"nin üstünlüyü ilə başlayıb. Lakin tezliklə təşəbbüsü ələ alan "Zirvə Astara" təcrübəli basketbolçuları Zaur Paşayev, Azər Sarıyev və Ender Poladxanlının dəqiq atışları sayəsində ilk periodda böyük fərq yaxalayıb - 27:9. Növbəti periodlarda da üstünlüyünü əldən verməyən Astara komandası 77:56 hesablı qələbəyə nail olub.
Qeyd edək ki, region klublarının da qatıldığı Azərbaycan Super Liqasında 8 komanda mübarizə aparır. "Zirvə Astara" və "Gəncə"dən başqa "Atletik”, "Atom", "Sərkərdə", "Sıçrayış", "80-lər" və "Xırdalan" da çempionatda çıxış edəcək. Oktyabrın 12-də Azərbaycan Dövlət Texniki Universitetində keçiriləcək ilk turun digər görüşlərində "Sərkərdə" "Atom"la, "Xırdalan" "Atletik"lə, "Sıçrayış" "80-lər"lə üz-üzə gələcək.
Ötən illərlə müqayisədə çempionatda yeni reqlament tətbiq olunub. Komandalar dairəvi sistemlə 3 dövrədə üz-üzə gələcək, daha sonra hər bir iştirakçının qatılacağı pley-off başlayacaq. Əsas mərhələdə 1-ci olan 8-ci ilə, 2-ci 7-ci ilə, 3-cü 6-cı ilə və 4-cü 5-ci ilə mübarizə aparacaq. 1/4 finalın qalibləri mükafatlar uğrunda mübarizəni davam etdirəcəklər. Çempionun adı mayın sonu və ya iyunun əvvəlində bilinəcək.