Yuxarı

FİDE prezidenti: "Bakıda keçiriləcək Ümumdünya Şahmat Olimpiadasında rekord sayda ölkə iştirak edəcək"

Bu, Yay Olimpiya Oyunlarından sonra ikinci böyük yarış olacaq

Bakı. 24 may. REPORT.AZ/ Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasına 100 gün qalması münasibətilə gerisayım tədbiri keçirilib. "Report"un məlumatına görə, tədbirdə gənclər və idman naziri Azad Rəhimov Azərbaycanda çox səviyyəli, mötəbər yarışların keçirildiyini deyib: "Azərbaycana 180 ölkə nümayəndəsi gələcək. Bu, ölkəni dünyaya tanıtdırmaq üçün çox gözəl fürsətdir. Dünyanın intellektli insanları Bakıya gələcəklər. Bu, Azərbaycanda şahmatın inkişafına təkan verən yarışdır. Qürurla deyə bilərik ki, Azərbaycan idman, şahmat ölkəsidir, ölkəmizin adı daim dünyanın şahmat ölkələri sırasında çəkilir". Nazir hazırlıq işlərinin öz axarı ilə davam etdiyini və Olimpiadanın yüksək təşkilatçılıq səviyyəsi ilə fərqlənəcəyini söyləyib.

FİDE prezidenti Kirsan İlümjinov 100 gün qalmış hər şeyin hazır olduğunu və artıq indidən Olimpiadanın keçirilməsinin mümkünlüyünü vurğulayıb. İlümjinov 1-14 sentyabrda keçiriləcək yarışın ölkə sayı baxımından tarixə düşəcəyini söyləyib: "Hazırda rekord sayda ölkədən müraciətlər gəlir. İnanıram ki, 178 ölkənin hamısı Olimpiadaya gələcək. Bu da Yay Olimpiya Oyunlarından sonra ikinci böyük yarış olacaq. 2008-ci ildə ilk dəfə Azərbaycanda Şahmatın İnkişafına dair Dövlət Proqramı imzalanıb. Prezident İlham Əliyevin imzaladığı bu sərəncam digər ölkələrə nümunə ola bilər".

Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov tədbirdə bildirib ki, Ümumdünya Şahmat Olimpiadası kimi yarışların keçirilməsi Azərbaycan üçün adi hala çevrilməklə yanaşı, həm də əlamətdar hadisə sayılır: "Azərbaycan 3 komanda ilə təmsil olunacaq. Olimpiadanın Bakıda keçirilməsi şahmatda son dövrlərdə əldə olunan müvəffəqiyyətlərə bir qiymətdir. Azərbaycan yığması son illər Avropa çempionatında uğurla çıxış edir. İki qızıl, eləcə də gümüş və bürünc medallar qazanmışıq. Şahmat dövlət siyasətinə çevrilir. Biz Olimpiadada heç də iştirak xatirinə iştirak etməyəcəyik. Komandamız yarışa ciddi hazırlaşır. İnanıram ki, çox müvəffəqiyyətlə çıxış edəcəyik. Əminik ki, 42-ci Ümumdünya Şahmat Olimpiadası ən yaxşı Olimpiada olacaq".

Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası 1 - 14 sentyabrda keçiriləcək.

Tədbir çərçivəsində Bakıda keçiriləcək Ümumdünya Şahmat Olimpiadasının talisman təqdim olunub. Talismana "ChessMan" adı qoyulub. Talismanı Olimpiadanın Əməliyyat Komitəsinin icraçı direktoru Mahir Məmmədov təqdim edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi