Yuxarı

Bakı Şahmat Olimpiadasının təntənəli bağlanış mərasimi keçirilib

Kirsan İlyumjinov 42-ci Ümumdünya Şahmat Olimpiadasını bağlı elan edib

Bakı. 13 sentyabr. REPORT.AZ/ Sentyabrın 13-də Bakıda təşkil olunan 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli bağlanış mərasimi keçirilib.

"Report" xəbər verir ki, Azərbaycanın dövlət himni səsləndirildikdən sonra "E", "D", "C", "B", "A" kateqoriyası üzrə qaliblərin mükafatlandırılma mərasimi keçirilib.

Mükafatları turnirin direktoru Panayotis Nikolopulos və baş hakimi Faiq Həsənov təqdim ediblər.

Sonra Bakı Şahmat Olimpiadasının Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov qadın və kişi şahmatçılara lövhələr üzrə fərdi mükafatları verib. Birinci lövhə üzrə qalibləri Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov mükafatlandırıb.

42-ci Ümumdünya Şahmat Olimpiadasında qadınların yarışında ilk üç pilləni tutan Çin, Polşa və Ukrayna komandalarına medalları Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov verib. Həmçinin qalib komanda olan Çin millisinə Vera Mençik kuboku təqdim olunub.

Bakı Olimpiadasında kişilərin yarışında fərqlənmiş ABŞ, Ukrayna və Rusiya millilərinə medalları FİDE-nin prezidenti Kirsan İlyumjinov verib. ABŞ millisi, həmçinin Hamilton Russel kubokuna sahib olub.

Sonra Nona Qaprindaşvili kubokunun qalibləri mükafatlandırılıb.

Mükafatçılara Azərbaycanın milli geyimlərindən papaq və şal hədiyyə edilib.

Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlyumjinov yüksək təşkilatçılığa görə Azərbaycana öz təşəkkürünü bildirərək deyib:

“Yarışın təşkilatçıları irimiqyaslı şahmat turnirlərinin təşkilində yeni standart müəyyənləşdirdilər. Növbəti olimpiadanın təşkilatçıları çox çalışmalıdırlar ki, hazırkı səviyyəni qoruyub saxlaya bilsinlər. Biz bu gün möhtəşəm yarışı başa vururuq. Ancaq sabah minlərlə gənc qız və oğlan idmanın bu növü ilə məşğul olmağa başlayacaq və şahmatın incəliklərini öyrənməyə çalışacaq. Biz yenidən qonaqpərvərliyi ilə seçilən Azərbaycana qayıdacağıq”.

Şahmata hər zaman dəstək verdiyi üçün ölkə başçısı İlham Əliyevə təşəkkürünü bildirən Kirsan İlyumjinov ölkəmizin irimiqyaslı yarışlara həmişə yüksək səviyyədə ev sahibliyi etdiyini və idmançıların, qonaqların ölkəmizdən xoş təəssüratlarla ayrıldığını vurğulayıb.

Sonra FİDE-nin bayrağı səhnəyə gətirilib və qurumun himni səsləndirilib.

Növbəti Olimpiadaya keçid olaraq FİDE-nin bayrağının ötürülməsi mərasimi üçün Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və Gürcüstanın idman və gənclərlə iş üzrə naziri Tariel Xeçikaşvili dəvət olunub.

Gənclər və idman naziri Azad Rəhimov 42-ci Ümumdünya Şahmat Olimpiadasının müvəffəqiyyətlə başa çatması münasibətilə hamını təbrik edib:

“Ümid edirəm ki, qonaqlar ölkəmizdən xoş təəssüratlarla ayrılacaq. 176 ölkə şahmatçısının bir arenaya toplanması uğurdur”.

Ölkəmizin beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etdiyini diqqətə çatdıran nazir gələn il Azərbaycanda daha bir mötəbər yarışın – IV İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyini bildirib. O, növbəti olimpiadaya ev sahibliyi edəcək Gürcüstana müvəffəqiyyətlər arzu edib.

Gürcüstanın idman və gənclərlə iş üzrə naziri Tariel Xeçikaşvili Azərbaycan paytaxtında keçirilən və dünyanın ən güclü şahmatçılarının mübarizə apardığı belə mötəbər yarışın bağlanış mərasimində iştirakdan məmnunluğunu bildirib, növbəti – 43-cü Olimpiadanın Batumidə təşkil olunacağını vurğulayıb. T.Xeçikaşvili bu baxımdan azərbaycanlı həmkarlarının təcrübə və tövsiyələrindən yararlanmaq üçün səmərəli əməkdaşlığın önəmini xüsusi vurğulayıb.

Ölkələrimiz arasında bir çox sahələrdə uğurlu dostluq və əməkdaşlıq əlaqələrinin mövcudluğunu qeyd edən qonaq, buna görə Gürcüstan hökuməti adından minnətdarlığını bildirib.

Gürcüstanın zəngin şahmat ənənələrinə malik ölkə olduğunu deyən qonaq, əvvəllər bir neçə dəfə dünya çempionatlarının və olimpianın qalibi olan ölkəsinin qadınlardan ibarət komandasının Bakı Şahmat Olimpiadasında da uğurlu çıxışını xüsusi vurğulayıb. Dünya idmanına mühüm töhfə verən Gürcüstan şahmat məktəbinin uğurlarından danışan nazir ölkəsindən olan bəzi idmançıların şahmat əfsanələri hesab olunduqlarını deyib.

T.Xeçikaşvili 2018-ci ildə 43-cü Ümumdünya Şahmat Olimpiadasının Batumidə yüksək səviyyədə keçiriləcəyinə əminliyini vurğulayaraq, rəhbərlik etdiyi İdman və Gənclərlə İş üzrə Nazirliyin, həmçinin ölkəsinin Şahmat Federasiyasının bu istiqamətdə əlindən gələni edəcəyini bildirib.

Qonaq çıxışının sonunda Gürcüstanda idmanın, o cümlədən şahmatın inkişafına göstərdiyi böyük dəstəyə görə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) minnədarlığını bildirib.

Kirsan İlyumjinov 42-ci Ümumdünya Şahmat Olimpiadasını bağlı elan edib.

2018-ci ildə 43-cü Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyi edəcək Batumidən bəhs edən videoçarx nümayiş olunub.

Mərasim Gürcüstanın “Kaxaberi and Xanums” qrupunun çıxışı ilə davam edib.

Sonra Azərbaycanın əməkdar artisti Sevdə Ələkbərzadənin ifasında “Sarı gəlin” mahnısı tamaşaçılar tərəfindən yüksək coşqu ilə qarşılanıb.

Qeyd edək ki, on bir turdan ibarət yarışda kişilərin mübarizəsində hesabında 20 xal olan ABŞ və Ukrayna birinci və ikinci pillənin sahibi olub. Rusiya millisi isə 17 xalla bürünc medal qazanıb. Hesabında 15 xal olan əsas komandamız yarışı 12-ci sırada tamamlayıb. İkinci yığmamız 14 xalla 26-cı, üçüncü komandamız isə 13 xalla 49-cu pillədə yer alıb.

Qadınların yarışında qalib adını 20 xalla Çin şahmatçıları qazanıblar. Hesabında 17 xal olan Polşa ikinci, Ukrayna isə üçüncü pillədə yer alıb. Azərbaycanın əsas komandası yarışı 16 xalla 8-ci pillədə başa vurub. On üç xal toplayan üçüncü komandamız 30-cu, ikinci yığmamız isə 32-ci olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi