Yuxarı

Aleksandr Çervyakov: "Qızlar çox əsəbiləşsələr də, vəzifənin öhdəsindən gəldilər"

Azəryolun kapitanı: Qələbəmizi möhürləməmiş bizi heç nə dayandıra bilməz

Bakı. 11 noyabr. REPORT.AZ/ "İlk görüşdə 0:3 hesabı ilə uduzduğumuzdan, cavab matçı əsəbi keçdi. İlkin məqsəd 3:0 və ya 3:1 hesabı ilə qalib gəlmək və "tay-breyk"i də öz xeyirimizə başa vurmaqdan ibarət idi. Əlbəttə, qızlar çox əsəbiləşdilər. Amma bu vəzifənin öhdəsindən gəldilər. Buna görə də hər birinə təşəkkürümü bildirirəm". Bunu "Report"a açıqlamasında "Azəryol" klubunun baş məşqçisi Aleksandr Çervyakov Rumıniya "Tarqoviste"sini üstələdikləri CEV Kubokunun 1/16 final mərhələsinin cavab görüşündən sonra deyib. 

Təcrübəli mütəxəssis çox istəkli və mütəşəkkil mübarizə apardıqlarını bildirib. O, komandasından Katerina Jidkova, Malika Kanthonq və kapitan Marin Apitsi xüsusi fərqləndirib. Çervyakovun fikrincə, topun oyuna daxil edilməsi və qəbulu zamanı səhvsiz çıxış etmələri qələbədə həlledici rol oynayıb.

"Bilirdik ki, növbəti mərhələyə vəsiqə qazanmaq üçün cavab görüşündə qalib gəlməliyik. Bu tapşırığın öhdəsindən gəlmək isə çətin idi". Bunu isə Apits deyib. "Azəryol"un kapitanı sonadək diqqətli olduqlarını vurğulayıb: "İlk setdə geridə olmağımıza baxmayaraq qalib gələ bildik və komanda sonuna qədər diqqətlə mübarizə apardı. Bütün oyunçular özlərini yaxşı tərəfdən göstərdilər. İlk setdəki qələbədən sonra hərəkətə keçdik və yaxşı davam etdik. Qələbəmizi möhürləməmiş bizi heç nə dayandıra bilməz".

İki görüşün nəticəsinə görə məğlub olan "Tarqoviste"nin oyunçusu Evanqeliya Çantava isə bunları deyib: "Biz yaxşı oyun göstərdik, ancaq bir neçə sadə səhvə yol verdik və nəticədə məğlub olduq. Blokda və hücumda axmaq səhvlər buraxdıq ki, bunun da bədəlini ödədik. Digər tərəfdən, "Azəryol" bizdən daha yaxşı oynadı və qələbəyə layiq idi".

Qeyd edək ki, Rumıniyada keçirilmiş ilk görüşdə "Azəryol" rəqibinə 0:3 hesabı ilə məğlub olub. Bakıda isə paytaxt təmsilçisi eyni hesablı qələbə qazandığından, cütün qalibi "tay-breyk"də müəyyənləşib. Azərbaycan klubu əlavə hissəni 15:13 hesablı üstünlüklə başa vuraraq, 1/8 finala yüksəlib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi