Yuxarı

Azərbaycanın voleybol millisi Avropa çempionatında ilk görüşünü keçirəcək

Rəqib Avropa Oyunlarının qalibi Türkiyə yığmasıdır

Bakı. 26 sentyabr. REPORT.AZ/ Bu gün Belçika və Hollandiyada voleybolçu qadınlar arasında Avropa çempionatına start veriləcək. "Report"un məlumatına görə, 16 ölkənin qatılacağı yarışda Azərbaycan milli komandası da yer alacaq.

"Bakı 2015" I Avropa Oyunlarında 3-cü yer uğrunda görüşdə uduzduqdan sonra Faiq Qarayev yenidən komandanın sükanı arxasına keçib. B qrupunda yer alan yığmanın heyətinə 12 voleybolçu cəlb olunub. Bunlar Ceyran Əliyeva, Kseniya Poznyak, Oksana Kurt, Odina Bayramova, Ayşən Abduləzimova, Katerina Jidkova, Valeriya Məmmədova (libero), Kristina Yaqubova, Aynur Kərimova, Oksana Kiselyova, Polina Rəhimova və Marqarita Əzizovadır.

İlk matç isə bu gün Avropa Oyunlarının qalibi Türkiyəyə qarşı keçirəcək. Belçikanın Antverpen şəhərindəki "Merksem Lotto Arena"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:30-da başlanacaq. Rəqib komanda ilə sonuncu qarşılaşmalar da məhz "Bakı 2015"ə təsadüf edib. Həmin vaxt qrup oyununda "ay-ulduzlular" 3:0, yarımfinalda isə 3:2 hesabı ilə qalib gəlmişdilər. Qrupun digər oyunu isə Azərbaycan - Türkiyə matçından 3 saat tez eyni arenada start götürəcək.

Digər qrupların tərkibi:

A qrupu: Sloveniya, Hollandiya, İtaliya, Polşa

C qrupu: Bolqarıstan, Rusiya, Xorvatiya, Belarus

D qrupu: Çexiya, Rumıniya, Serbiya, Almaniya

Əsasnaməyə görə, qrup qalibləri birbaşa 1/4 finala yüksələcəklər. Qruplarda 2-3-cü yerləri tutan 8 komanda isə "pley-off" mərhələsində 4 cütlük əmələ gətirəcək. B qrupunda müvafiq yerləri tutanlar D qrupundakı eyni pillələrin sahibləri ilə çarpaz üsulu ilə qarşılaşacaqlar. Qalib komandalar növbəti mərhələdə B və ya D qruplarının qalibləri ilə üz-üzə gələcəklər. 1/4 finalçıların hamısı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa təsnifat turnirinə vəsiqə qazanacaqlar. Turnir gələn il təşkil olunacaq.

Qeyd edək ki, Avropa çempionatında qrup oyunları 26 - 28 sentyabrda, "pley-off" matçları 30 sentyabrda, 1/4 final görüşü 1 oktyabrda, yarımfinallar 3 oktyabrda, 3-cü yer uğrunda və final görüşləri isə 4 oktyabrda keçiriləcək.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi