Yuxarı

​Azərbaycan yığmasının voleybolçusu üzləşdikləri problemlərdən danışıb

Yanvarın maaşını iyunda veriblər

Bakı. 3 avqust. REPORT.AZ/ "Səkkiz aydır təlim-məşq toplanışı keçə bilmirik. Avropa çempionatının seçmə mərhələsinə gedəndə də maddi problemlər oldu. Heç bir oyun keçirmədən turnirə yollandıq". Bunu "Report"a açıqlamasında Azərbaycanın kişi voleybolçularından ibarət yığma komandasının hazırkı vəziyyətindən danışan oyunçu Cavid Süleymanov deyib.

Yığma üzvü komandada vəziyyətin heç də ürəkaçan olmadığını, hətta bir neçə ay öncə Gürcüstanın paytaxtı Tbilisidə keçirilmiş Avropa çempionatının seçmə mərhələsində çətinliklə üzləşdiklərini bildirib: "Çempionatdan bir neçə gün öncə yarışa getməkdən imtina etmişdik. Ancaq sonra dövlətimiz adına səfərə yollandıq. Yarışa qısa vaxt qalmış bizi qatarla göndərdilər. Bir gündən çox qatarla yol getdik və sabahısı oyuna çıxdıq. Rəqiblərimiz 50-60 oyun keçirib, biz isə bir oyun belə keçirmədən çıxış etdik. Düzdür, udduğumuz və uduzduğumuz oyun oldu, nəticədə mərhələ keçə bilmədik. Ancaq bizə qələbə qazanmağa təcrübəsizlik imkan vermədi. Biz də rəqiblərimiz kimi təlim-məşq toplanışı keçib, yoldaşlıq oyunlarına çıxsaydıq, fərqli olardı. Oradakı mütəxəssislər də bunu deyirdi. İl ərzində bir oyun belə keçirməmişdik".

C.Süleymanov vəziyyətlə bağlı müvafiq instansiyalara məktub ünvanladıqlarını söyləyib: "Azərbaycan Voleybol Federasiyasından məsələ ilə bağlı bizə heç bir cavab verilmir. Tək məktub məsələsi deyil. Heç kim maraqlanmır ki, bunların vəziyyəti necədir. Mətbuat bu məsələyə diqqətsiz qalmır. Yenə də bir nəticə yoxdur".

Yığmanın adından çıxış edən C.Süleymanov komanda üzvlərinin mövqeyinin eyni olduğunu, baş məşqçi Fərid Cəlalovun isə atasının xəstə olması səbəbindən hazırda məsələ ilə bağlı danışa bilməyəcəyini qeyd edib. O, voleybolçuların uzun müddətdir maaş almadıqlarını da açıqlayıb: "Təxminən iki aydan çoxdur federasiyadan heç kim tapılmır. 5 ayadək maaş borcu qalıb. Təsəvvür edin, iyunda yanvarın maaşını veriblər. O da ancaq yeməyə gedir, qəpik-quruşdur. Bütün idmançılar vitamin qəbul edir, biz isə yox. İdmançının vitamin qəbul etməməsi biabırçılıqdır. Ölkə çempionatı yoxdur ki, komanda çıxıb orada oynasın, təcrübəsiz qalmasın. Mənəvi dəstək də yoxdur. Biz yarışa öz adımızdan yox, ölkənin adından çıxırıq. Bu dəqiqə komandalara diqqət etsək, görərik ki, xarici voleybolçular gedir, qalan yalnız azərbaycanlılardır".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi