Yuxarı

​Azərbaycanın boks yığması Yay Olimpiya Oyunlarına tam heyətlə qatıla bilər

Boksçularımız olimpiadaya lisenziyanın bir addımlığındadırlar

Bakı. 22 iyun. REPORT.AZ/ Bakıda təşkil olunan 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Dünya Təsnifat Turnirində Azərbaycan boksçuları növbəti döyüşlərini keçiriblər.

"Report"un məlumatına görə, 49 kq. çəki dərəcəsində yer alan Rüfət Hüseynov yarımfinala yüksəlib.

Hüseynov 1/4 finalda mərakeşli Zuhir əl-Bakkaliyə heç bir şans verməyib - 3:0. O, növbəti görüşündə meksikalı Xoselito Velaskes Altamiranonu da yenə bilsə, finala yüksəlməklə yanaşı, olimpiya lisenziyasına sahib olacaq.

75 kq. çəkidəki Kamran Şahsuvarlı venesuelalı Xose Qonsales Mendesə 1/8 final döyüşündə qalib gəlib - 3:0. O, 1/4 finalda irlandiyalı Maykl O Rilli ilə üz-üzə gələcək.

81 kq. çəkidə çıxış edən Teymur Məmmədov da 1/8 final qarşılaşmasından qalib ayrılıb. O, gürcü Yaqo Kiziriyanı yenib - 2:1. 1/4 finalda rəqib mərakeşli Hassan Saada olacaq. Həm Şahsuvarlı, həm də Məmmədov növbəti görüşdə də qalib gəlsələr və hətta uduzsalar belə, rəqibləri turnirin qalibi olacağı halda, lisenziya qazanacaqlar.

1/4 final görüşləri iyunun 23-də, yarımfinal qarşılaşmaları isə iyunun 24-də olacaq.

Dünya Təsnifat Turniri "Sərhədçi" İdman Olimpiya Mərkəzində keçirilir. 75 kq. və 81 kq. çəkilərdə olimpiadaya lisenziyanı ilk 5 yeri tutan idmançılar əldə edəcək. Başqa sözlə, yarımfinaladək irəliləyənlərlə yanaşı, öz çəkisinin qalibinə 1/4 finalda uduzan boksçu vəsiqə sahibi olacaq. 49 kq-da finalçılar Rio-de-Janeyroya yollana biləcəklər. Azərbaycanın hər 3 boksçusu lisenziya qazana bilsə, kişilərdən ibarət komanda olimpiadaya tam heyətlə qatılacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi