Yuxarı

Azərbaycan Voleybol Federasiyası kişilərdən ibarət yığmaya dəstək vermədiyinə dair iddialara münasibət bildirib

Hər bir oyunçu və məşqçi heyəti aylıq əmək haqqı ilə təmin olunur, ancaq görülən işlər federasiyanın öhdəliyində deyil

Bakı. 7 sentyabr. REPORT.AZ/ "Azərbaycanın kişilərdən ibarət yığma komandasına federasiya tərəfindən diqqət göstərilməməsi barədə iddialar həqiqətə uyğun deyil". Bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən "Report"a daxil olan bəyanatda bildirilir.

Bildirilir ki, artıq neçə ildir kişilərdən ibarət milli komanda federasiyanın idman zalında məşq prosesini keçirir və zalda komanda üçün lazımi şərait yaradılıb. Hər bir oyunçu və məşqçi heyəti aylıq əmək haqqı ilə təmin olunur. Ancaq görülən işlərin federasiyanın öhdəliyində olmadığı vurğulanır.

"Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikasının Qanununun 11.1.2-ci maddəsinə əsasən Azərbaycan Voleybol Federasiyasının vəzifəsi müvafiq idman növü üzrə müxtəlif səviyyəli yarışların keçirilməsi sistemini təkmilləşdirmək, ölkə ərazisində idman növü üzrə çempionatları, birincilikləri, kubok yarışlarını və digər respublika, həmçinin beynəlxalq idman yarışlarını təşkil etmək və keçirməkdir. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən, təlim-məşq, yarış, bədən tərbiyəsi-sağlamlıq fəaliyyətini həyata keçirən təşkilat idman klubudur və oyunçuların qarşılaşdıqları, o cümlədən, maliyyə məsələləri idman klubları tərəfindən həll edilir. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən, idmançı müqavilədə göstərilən müddət başa çatdıqda bir idman təşkilatından digərinə (eyni zamanda xarici) keçmək hüququna malikdir".

Qeyd edək ki, bir müddət əvvəl kişi voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvləri əmək haqqı almadıqlarını, məşqlə bağlı çətinliklərin olduğunu və yarışlara gedə bilmədiklərini açıqlayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi