Azərbaycan şahmat yığmasının məşqçisi: "Qəbələ"də hazırlıq üçün lazımi şərait yaradılıb"

Azərbaycan şahmat yığmasının məşqçisi: "Qəbələ"də hazırlıq üçün lazımi şərait yaradılıb" Etyen Bakro: "Ümumdünya Şahmat Olimpiadasında komandaya dəstək olanları sevindirmək üçün çalışacağıq"
Komanda
13 İyun , 2016 16:02
Azərbaycan şahmat yığmasının məşqçisi: Qəbələdə hazırlıq üçün lazımi şərait yaradılıb

Bakı. 13 iyun. REPORT.AZ/ Bakıdakı 42-ci Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcək Azərbaycanın kişilərdən ibarət yığma komandasının üzvləri intensiv məşqləri davam etdirir. Bakı Şahmat Olimpiadasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Arkadi Naydiç, Eltac Səfərli və Rauf Məmmədovdan ibarət əsas komanda hazırlığın ilkin mərhələsini Qəbələdə keçir.

Onlar fransalı qrossmeyster Etyen Bakronun rəhbərliyi altında məşq edir. Bakro hazırlıqdan razılıq ifadə edib: "Çox gözəl məkanda məskunlaşmışıq. Hazırlıq üçün lazımi şərait yaradılıb. Azərbaycan millisinin heyətində dünyanın tanınmış qrossmeysterləri yer alıb. Bu mənada bir-birimizi çox yaxşı başa düşürük. Bakı Şahmat Olimpiadasının Azərbaycan millisi üçün böyük əhəmiyyət daşıdığını bilirəm. Azərbaycan millisi daim mötəbər yarışlarda favoritlər sırasında olub. Hər zaman güclü heyəti ilə seçilən komanda müxtəlif vaxtlarda Avropa çempionatında uğur qazanıb. 42-ci Ümumdünya Şahmat Olimpiadasında da Azərbaycan şahmatçıları onlara dəstək olanları sevindirmək üçün çalışacaq". 

Qeyd edək ki, kişi şahmatçılardan ibarət Azərbaycan millisi Bakı Şahmat Olimpiadasına qədər 3 təlim-məşq toplanışında olacaq. Millinin xarici yığmalardan biri ilə yoldaşlıq görüşünün keçirməsi də planlaşdırılır. 

Son xəbərlər

Orphus sistemi