Yuxarı

​Azərbaycan Premyer Liqasında bu gün 2 oyun keçiriləcək

Görüşlərdən biri Bakıda, digəri isə Lənkəranda baş tutacaq.

Bakı. 23 aprel. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXI turun daha 2 oyunu keçiriləcək. "Report"un məlumatına görə, görüşlərdən biri Bakıda, digəri isə Lənkəranda baş tutacaq.

Çempionatda heç bir iddiası olmayan "Xəzər Lənkəran" doğma azarkeşlər önündə avrokuboklar üçün mübarizə aparan "Qəbələ"ni qəbul edəcək. Qonaqlar qələbə qazanacağı təqdirdə turnir cədvəlində 5-ci pilləyə yüksələcəklər. "Ağ-yaşıllar" isə 3 xalla yalnız autsayder "Rəvan"dan bir az daha uzaqlaşmış olacaq. 

Komandalar bugünədək 29 oyunda üz-üzə gəlib. Bu qarşılaşmaların 13-də "Xəzər Lənkəran", 9-da isə "Qəbələ" 3 xalı aktivinə yazıb. Qalan 7 oyunda bərabərlik qeydə alınıb. Üstəlik, cənublular son 5 matçda "qırmızı-qaralar"a qalib gələ bilməyibsə, "Qəbələ" son 4 qarşılaşmada qol buraxmayıb.

Cari mövsümdə stabil oyun nümayiş etdirməyən "Neftçi" isə turnir cədvəlinin ikinci pilləsində qərarlaşmış "Zirə"ni qəbul edəcək. Vəli Qasımovun rəhbərlik etdiyi komanda doğma meydandan qələbə ilə ayrılsa, turnir cədvəlindəki mövqeyində heç bir dəyişiklik olmayacaq. "Zirə" isə səfər qalibiyyəti sayəsində demək olar ki, cari mövsümün gümüş medalını böyük ölçüdə təmin etmiş olacaq. Komandalar arasında cəmi 3 görüş keçirilib və bunların heç birində "Neftçi" qələbə qazanmayıb. 2 oyunda "Zirə" sevinibsə, biri heç-heçə başa çatıb.

Azərbaycan Premyer Liqası, XXXI tur

23 aprel (şənbə)

16:30. "Xəzər Lənkəran" – "Qəbələ"
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Vaqif Musayev, Fərid Məmmədov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Şahin Cəfərov
Lənkəran. "Xəzər Lənkəran" mərkəzi stadionu

19:00. "Neftçi" – "Zirə"
Hakimlər: Fariz Yusifov, Munis Abdullayev, İsgəndər Əliyev, Ömər Paşayev
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Məlik Həsənov
Bakı. "Bakcell Arena"

Hər iki oyun "CBC Sport"la canlı yayımlanacaq.

Qeyd edək ki, turun açılış oyununda "Qarabağ" Bakının "İnter" klubunu qəbul edib. Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi