Azərbaycan millisinin baş məşqçisi: "Avropa çempionatında sistem nəticə verməsə, sürprizlər işə düşəcək" - MÜSAHİBƏ

Azərbaycan millisinin baş məşqçisi: "Avropa çempionatında sistem nəticə verməsə, sürprizlər işə düşəcək" - MÜSAHİBƏ Joze Alesio da Silva: "Fransa ilə oyun finala bərabər olacaq"
Komanda
19 Yanvar , 2018 11:41
Azərbaycan millisinin baş məşqçisi: Avropa çempionatında sistem nəticə verməsə, sürprizlər işə düşəcək - MÜSAHİBƏ

Bakı. 19 yanvar. REPORT.AZ/ Futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Joze Alesio da Silva yanvarın 30-da Sloveniyanın paytaxtı Lyublyanada start götürəcək Avropa çempionatından əvvəl brifinq keçirib.

"Report"un məlumatına görə, millinin açıq məşqindən əvvəl media mənsubları önünə keçən braziliyalı mütəxəssis ilk növbədə, 20 yanvar - Ümumxalq Hüzn günü ilə əlaqədar başsağlığı verib.

Daha sonra o, hazırlıq prosesindən danışıb və jurnalistlərin suallarını cavablandırıb...

- Təlim-məşq toplanışına rəsmən dünəndən başlamışıq. Legionerlərimiz Vitali Borisov, Fineo və Vassura da artıq komandaya qoşulub. Tam heyətlə məşq edirik. Yanvarın 23-də və 24-də İran yığması ilə 2 yoldaşlıq görüşü keçirəcəyik. Bu oyunlardan sonra Avropa çempionatı üçün heyəti müəyyənləşdirəcəyik.

- Komandanın qarşısına hansı hədəflər qoyulub?

- İlk növbədə, qrup mərhələsini adlamağı bacarmalıyıq. İlk görüşdə Fransa ilə üz-üzə gələcəyik. Bu, finala bərabər oyun olacaq.

- Amma İspaniyanın da gücü hamıya bəllidir...

- İspaniya millisi son Avropa çempionudur. Bu komandanın gücü hər kəsə bəllidir. Amma ilk növbədə, birinci oyunu fikirləşmək lazımdır. Buna görə də mən hazırda Fransa ilə qarşılaşmamız üzərində düşünürəm.

- Legionerlərin durumu necədir?

- Vassura normal formadadır. Birləşmiş Ərəb Əmirliklərində ölkə çempionatı davam etdiyindən, son oyununu 3 gün əvvəl keçirib. Vitali Borisov isə 20 gündür məşq etmir. Çünki Serbiya çempionatı artıq bitib. Fineo da həmçinin. Komandası "pley-off" mərhələsinə yüksələ bilməyib. Ona görə hər ikisinin fiziki hazırlıq üzərində daha çox çalışmalarına ehtiyac duyulur. Amma fikrimcə, 10 gündən sonra normal vəziyyətə çatacaqlar.

- Əvvəlki mövsümlərdə yığmanın baza rolunu "Araz" klubu təşkil edirdi. Amma ilk dəfədir kənardan 3 legioner cəlb olunur. Bu amil oyun sisteminə müsbət, yoxsa mənfi təsir göstərə bilər?

- Əlbəttə, onlar təcrübəli və səviyyəli oyunçulardır. Məncə, elə bir problem yaranmayacaq. Çünki yığmada daim birgə çıxış ediblər. Sadəcə, məşq etmək, hazırlaşmaq lazımdır. Düzdür, "Araz"ın da baş məşqçisiyəm, amma hazırda millini, komandanı Avropa çempionatına hazırlamağı düşünürəm. Sonra isə ölkə çempionatına dönəcəyik. "Araz" hazırda çempionatda birinci yerdə gedir və çempionluq uğrunda mübarizə aparır. Yəni, heç bir gərginlik yoxdur.

- Amma onlar yığma ilə müqayisədə fərqli sistemlə oynayırlar...

- Borisovla Vassura taktikama bələddirlər. Çünki onlarla əvvəllər də birgə işləmişik. Bu baxımdan, Fineoya çətin ola bilər. Amma Avropa çempionatınadək vaxt var. Çalışacağam ki, o da taktikamızı qavrasın.

- Azərbaycan Yüksək Liqasının bombardiri Renat Sultanovun yığmaya çağırılmaması nə ilə əlaqədardır?

- Ona dəvət göndərmişdik. Lakin mənə dedilər ki, çimərlik futbolu yığmasının heyətində İrandakı turnirdə çıxış etmək istəyir. Ona görə də Renatdan imtina edəsi oldum.

- Sultanov futzal yığmasının heyətində bundan əvvəl iştirak etdiyi İrandakı turnirdə meydana buraxılmamasından şikayətlənib...

- Ona görə ki, cəmi 3 gündür yığmaya gəlmişdi. Amma mənim taktikam 3 günə futzalçı hazırlamağa imkan vermir. Bu, çox çətindir. Təkcə o yox, bir neçə digər futzalçı da hazırlığa gec qoşulmuşdular. Onlara vaxt lazım idi. Düzdür, Fineo və Vassura da hazırlığa gec qoşulub. Amma onlar Braziliya taktikasına bələd olduqlarından, oyunlara hazırlıq zamanı çətinlik çəkmirlər.

- Qarşıdakı Avropa çempionatına hansı sürprizi hazırlamısınız və bunu İranla yoldaşlıq görüşlərində sınaqdan çıxaracaqsınızmı?

- Əlbəttə, olacaq. Hazırlaşmaq lazımdır. Məşq etdiyimiz, üzərində işlədiyimiz sistem nəticə verməsə, sürprizlər işə düşəcək. Artıq heyətdəki futzalçılar müxtəlif klublarda çıxış edirlər. Bu səbəbdən, sürprizlər hər zaman lazımdır.

Son xəbərlər

Orphus sistemi