Yuxarı

​Azərbaycan güləşçiləri Avropa çempionatını 3-cü pillədə başa vurublar

Milli komanda son yarış günü daha 3 medal qazanıb

Buxarest. 27 iyun. REPORT.AZ/ Rumıniyanın paytaxtı Buxarest şəhərində güləş üzrə gənclər arasında Avropa çempionatına yekun vurulub.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, Çempionatın sonuncu günündə sərbəst güləşçilərimiz 4 çəki dərəcəsində daha 3 medal qazanıblar.

İlk olaraq xalça üzərinə 55 kq. çəkidə Mahir Əmiraslanov bürünc medal uğrunda mübarizəyə çıxıb. O, makedoniyalı rəqibi Elmedin Sejfulauya 10-0 hesabı ilə qalib gələrək Avropa çempionatının bürünc medalçısı olub.

84 kq. çəkidə mübarizə aparan Hacımurad Məhəmmədsəidov final görüşündə rusiyalı idmançı Baturbek Tcakulovla üz-üzə gəlib. Həlledici görüşdə Hacımurad 3-2 hesabı ilə rusiyalı güləşçini məğlub edib və Avropa çempionu olub.

Son olaraq mübarizəyə 120 kq. çəkidə Alimaqomed Alixmoyev çıxıb. Bürünc medal uğrunda görüşdə pəhləvanımızın rəqibi almaniyalı idmançı Marcel Boehme olub. Təmsilçimiz rəqibi üzərində 9-0 hesabı ilə qələbə qazanaraq Avropa çempionatının üçüncüsü olub.

Azərbaycan yığması Avropa çempionatını 2 qızıl və 4 bürünc medalla (55 xal) 38 ölkə arasında 3-cü pillədə başa vurub. Birinci pilləni 78 xalla Rusiya, 2-ci pilləni 64 xalla Gürcüstan yığması tutub.

Sonda Azərbaycan yığma komandasının rəhbəri Gənclər və İdman Nazirliyinin baş məsləhətçisi Tofiq Eyvazov Rumıniya Güləş Federasiyasının mükafatına layiq görülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi