Azərbaycan cüdo millisi Qran Pridə 4 medalla 3-cü yeri tutub

Azərbaycan cüdo millisi Qran Pridə 4 medalla 3-cü yeri tutub Sonuncu yarış günündə 1 qızıl, 2 bürünc medal əldə olunub
Komanda
8 Aprel , 2018 20:31
Azərbaycan cüdo millisi Qran Pridə 4 medalla 3-cü yeri tutub

Bakı. 8 aprel. REPORT.AZ/ Türkiyənin Antalya bölgəsindəki cüdo üzrə Qran Pridə Azərbaycan milli komandası 4 medal qazanıb.

"Report"un məlumatına görə, sonuncu yarış günündə 1 qızıl, 2 bürünc medal əldə olunub.

Fəxri kürsünün ən yüksək pilləsinə 100 kq çəki dərəcəsində çıxış edən Zelim Kotsoyev yüksəlib. Kotsoyev ardıcıl olaraq, cənubi koreyalı Quham Çoyu, özbəkistanlı Muxammadkarim Xurramovu, irlandiyalı Benjamin Fletçeri və rusiyalı Niyaz İlyasovu yendikdən sonra finala yüksəlib. Həlledici görüşdə isə o, Rusiyanın erməni əsilli cüdoçusu Arman Adamyanı üstələyərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

90 kq çəkidə isə Tural Safquliyevlə Məmmədəli Mehdiyev bürünc medala yiyələnib. Safquliyev israilli Asaf Çeni və monqolustanlı Altanbaqana Qantulqanı, Mehdiyev isə braziliyalı Qustavo Assisi, israilli Li Koçmanı yenərək, yarımfinala yüksəlib. Finala gedən yolda onların qarşısını müvafiq olaraq, serbiyalı Nemanya Majdovla tacikistanlı Komronşox Ustopiriyon kəsiblər. Bununla belə, bürünc medal görüşündə Safquliyev Koçmanı, Mehdiyev braziliyalı Rafael Makedonu məğlub edib.

Aprelin 7-də isə Hidayət Heydərov 73 kq çəkidə bürünc medala sahib olub.

Beləliklə, Azərbaycan millisi Qran Prini kişilərin ümumi komanda hesabında Rusiya və Gürcüstandan sonra 3-cü yerdə başa vurub.

Son xəbərlər

Orphus sistemi