​Azad Rəhimov Avropa çempionatında 3-cü olan karateçilərlə görüşüb

​Azad Rəhimov Avropa çempionatında 3-cü olan karateçilərlə görüşüb Nazir qalib idmançıları təbrik edib
Komanda
20 May , 2016 00:21
​Azad Rəhimov Avropa çempionatında 3-cü olan karateçilərlə görüşüb

Bakı. 20 may. REPORT.AZ/ Gənclər və idman naziri Azad Rəhimov Fransanın Monpelye şəhərində 51-ci Avropa çempionatında 3-cü yerin sahibi olmuş karateçilərimizlə görüşüb.

Gənclər və İdman Nazirliyindən "Report"a verilən məlumata görə, nazir ilk olaraq 21 ölkə arasında yerli fransızlar və ikinci yerin sahibi ispanlardan sonra Avropanın və dünyanın bir çox güclü karate dövlətlərini qabaqlayaraq 2 qızıl və 1 bürünc medal qazanan milli komandamızın üzvlərini təbrik edib.

“Karateçilərimiz daim ölkəmizi müxtəlif beynəlxalq yarışlarda layiqincə təmsil ediblər. Sizin, Bakıda keçirilən 1-ci Avropa oyunları zamanı qazandığınız qələbələr xalqımıza böyük sevinc yaşatdı. Mübarizliyiniz, öz üzərinizdə dayanmadan çalışmağınız bizi çox sevindirir”, - deyə nazir bildirib.

Daha sonra Azad Rəhimov ölkəmizdə keçiriləcək "Formula 1" Qrand Prix, Dünya Şahmat Olimpiyadası və bu yarışa 180 ölkənin gəlməsi, yarışlarla bağlı görülən hazırlıq işləri haqda məlumatlar verib.

Azad Rəhimov 2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının proqramında karate idman növünün də olduğunu bildirərək, bu yarışda da karateçilərimizdən böyük qələbələr gözlədiyinə ümid bəslədiyini diqqətə çatdırıb.

Sonda nazir komanda üzvləri ilə xatirə şəkli çəkdirib.

Məlumat üçün bildirək ki, Fransanın Monpelye şəhərində 51-ci Avropa çempionatında 4 qat dünya çempionu Rafael Ağayev (-75 kq) 13-cü dəfə Avropa çempionu olmaqla şəxsi rekordunu yeniləyib. Nuranə Əliyeva, İlahə Qasımova, Fəridə Abiyeva və İrina Zaretskadan ibarət qadın seçmə komandamız bir-birinin ardınca Portuqaliya, Rusiya, Finlandiya və Türkiyə idmançılarına, final görüşündə isə Xorvatiya kimi yüksək titullu komandalara qalib gələrək qitə birincisi olublar. Bu nəticə həm də karate tariximizdə bir neçə ilklərdən olub. Daha bir rekorda gənclərdən ibarət seçmə komandanın üzvü Roman Heydərov imza atıb. 17 yaşlı R.Heydərov kata yarışlarında bürünc medal qazanmaqla Dünya Karate Federasiyasının (WKF) statistik göstəricilərinə böyüklər arasında ilk azyaşlı mükafatçı kimi daxil olub.

51-ci Avropa çempionatında 46 ölkədən 437 karateçi mübarizə aparıb. Milli komandamızı oktyabrın axırında Avstriyada dünya çempionatı gözləyir.

Son xəbərlər

Orphus sistemi