Yuxarı

"Bu gün Azərbaycanda idman intibah dövrünü yaşayır" - Avstriya mətbuatı

Yazıda ARDNŞ-in prezidenti və AFFA-nın rəhbəri Rövnəq Abdullayevin idmanın inkişafına böyük diqqət yetirdiyi qeyd edilib

Bakı. 5 fevral. REPORT.AZ/ Avstriyanın nüfuzlu “Format” həftəlik jurnalında “Enerji nəhəngi idman mühərriki olaraq” sərlövhəli məqalə dərc edilib.

Məqalədə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ölkədə gerçəkləşən idman bumunun mühərriki kimi səciyyələndirilib. Qeyd edilib ki, Xəzər dənizinin sahilində yerləşən Bakı bu il ilk Avropa Oyunlarına, 2016-cı ildə “Formula-1” üzrə Avropa “Qran-pri” yarışlarına və futbol üzrə U-17-lərin Avropa çempionatına, həmçinin “Avro-2020”nin final mərhələsinin bir neçə qarşılaşmasına ev sahibliyi edəcək.

"Report" AzərTAc-a istinadla xəbər verir ki, məqalənin müəllifi qeyd edir ki, bu gün idman Azərbaycanda intibah dövrünü yaşayır. Bunun səbəbi isə Azərbaycan dövlətinin başçısı İlham Əliyevin ölkədə idmanın inkişafına böyük diqqət və qayğı göstərməsidir. Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti İlham Əliyev 2005-2015-ci illərdə Azərbaycanda futbolun inkişafını nəzərdə tutan Sərəncam imzalayıb.

Yazıda ARDNŞ-in prezidenti və AFFA-nın rəhbəri Rövnəq Abdullayevin də idmanın inkişafına böyük diqqət yetirdiyi qeyd edilib. Bildirilib ki, ARDNŞ 2016-cı ildə Fransada keçiriləcək futbol üzrə Avropa çempionatının rəsmi sponsorlarından biridir. UEFA tərəfindən verilmiş ən yüksək dotasiyalı bu sponsorluq paketi “Avro-2016”nın seçmə mərhələsinin bütün oyunlarını da əhatə edir.

Yazıda ARDNŞ-in Avstriya nümayəndəliyinin direktoru Gülmirzə Cavadovun “Avro-2016”nın rəsmi sponsoru olaraq, bütün yığma komandalarla birbaşa əlaqələrin qurulması bizim üçün mühüm amildir” fikri diqqətə çatdırılıb.

ARDNŞ-in Avstriya nümayəndəliyinin təşəbbüsü və təqdim etdiyi materiallar əsasında hazırlanmış məqalə oxucular tərəfindən maraqla qarşılanıb.

Avstriyanın nüfuzlu həftəlik nəşrlərindən olan “Format” jurnalı iqtisadi, ictimai-siyasi, mədəniyyət və sosial mövzulara yer ayırır. Jurnalın oxucularının sayı 160 min nəfərdən artıqdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi