Yaşar Vahabzadə: "İslamiada üçün heyəti Prosineçkinin məsləhəti ilə müəyyənləşdirəcəyik"

Yaşar Vahabzadə: "İslamiada üçün heyəti Prosineçkinin məsləhəti ilə müəyyənləşdirəcəyik" "Əsas millinin də təlim-məşq toplanışının, öz hazırlıq planının olduğunu nəzərə almalıyıq"
Fərdi
23 Fevral , 2017 12:25
Yaşar Vahabzadə: İslamiada üçün heyəti Prosineçkinin məsləhəti ilə müəyyənləşdirəcəyik

Bakı. 23 fevral. REPORT.AZ/ IV İslam Həmrəyliyi Oyunlarında mübarizə aparacaq Azərbaycanın 23 yaşadək futbolçulardan ibarət yığma komandasının əksər üzvləri Avropa çempionatının hazırkı və ötən seçmə tsiklində forma geyinənlərdən ibarət olacaq. Bu barədə "Report"a millinin baş məşqçisi Yaşar Vahabzadə məlumat verib.

Onun sözlərinə görə, heyətdə 1995-1996 və 1997-1998-ci il təvəllüdlülərdən əlavə, yaşı 23-dən yuxarı olan 3 oyunçu yer alacaq. Y.Vahabzadə seçimin əsas millinin baş məşqçisi Robert Prosineçkinin məsləhətinə uyğun aparılacağını söyləyib. O, hazırlığa Azərbaycan Premyer Liqasında mübarizəyə yekun vurulduqdan sonra başlanılacağını açıqlayıb: "Hələlik hazırlığa başlamaq üçün boş vaxt yoxdur. Yəqin ki, çempionatdan sonra komandanı bir araya gətirərək, təlim-məşq toplanışına başlayacağıq. Əsas millinin də təlim-məşq toplanışının, öz hazırlıq planının olduğunu nəzərə almalıyıq. Ruslan Abışovun İslamiadanın idmançı səfiri seçilməsi onun bizim heyətdə də yer alacağı anlamına gəlməməlidir. Prosineçki kimləri məsləhət bilsə, onları da götürəcəyik".

Təcrübəli mütəxəssis hələlik qarşılarına hər hansı hədəfin qoyulmadığını da dilə gətirib. Bununla belə, Y.Vahabzadə İslamiadada yaxşı nəticələr üçün mübarizə aparacaqlarını söyləyib: "Təyinatımdan bu gün xəbər tutdum. Bunadək mənimlə ümumi söhbət aparılmışdı. Hələ AFFA rəhbərliyi ilə görüşüm olmayıb. Ona görə də qarşıma hansı hədəfin qoyulmasından xəbərsizəm. Amma hər halda yaxşı nəticələr əldə etməyə çalışacağıq".

Qeyd edək ki, Bakıda 12 - 22 mayda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında futbol yarışlarında 8 ölkə yığması mübarizə aparacaq. 

Son xəbərlər

Orphus sistemi