Rəsul Çunayev: "Hər kəsi İslamiadada fəal olmağa çağırıram"

Rəsul Çunayev: "Hər kəsi İslamiadada fəal olmağa çağırıram" "Dövlətimiz əsas medalları güləşçilərdən gözləyir"
Fərdi
23 Mart , 2017 17:14
Rəsul Çunayev: Hər kəsi İslamiadada fəal olmağa çağırıram

Bakı. 23 mart. REPORT.AZ/ "İslamiadanı səbrsizliklə gözləyirik. Yarışların başlanmasına 50 gün qalıb, artıq biletlər də satışdadır. Bir səfir olaraq üzərimizə düşəni etməyə çalışırıq". Bunu "Report"a IV İslam Həmrəyliyi Oyunlarının idmançı səfiri - güləşçi Rəsul Çunayev bu gün yarışların başlanmasına 50 gün qalması münasibəti ilə Bakı bulvarında təşkil olunmuş tədbir deyib.

"Bakı 2015" I Avropa Oyunlarında qızıl və 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında bürünc medal qazanan yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasının üzvü IV İslam Həmrəyliyi Oyunlarında da uğur qazanacağına inandığını ifadə edib. R.Çunayev idmansevərləri onlara dəstək olmağa çağırıb: "Xalqımızın yarışlarda bizi tək qoymayacağına əminəm. Avropa Oyunlarında bizə möhtəşəm dəstək vermişdilər. Hər kəsi İslamiadada fəal olmağa çağırıram. Ölkəmizdə idmana maraq hər zaman yüksək səviyyədə olub. Bu yarışın da başlamasını hər bir vətəndaşımız səbrsizliklə gözləyir. Dövlətimiz əsas medalları güləşçilərdən gözləyir. Avropa Oyunlarında olduğu kimi, İslam Həmrəyliyi Oyunlarında da çoxlu qələbələr əldə edəcəyik".

R.Çunayev ötən həftə İranın Abadan şəhərində keçirilən yunan-Roma güləşi üzrə Dünya Kubokunda 2-ci yeri tutan Azərbaycan milli komandasının çıxışına da toxunub. 71 kq çəki dərəcəsində mübarizə aparan idmançı bildirib ki, yarışın qalibi olmağa hakimlərin ədalətsiz qərarları səbəb olub: "İkinci yerə layiq görüldük. Finalda Rusiya yığmasına məğlub olduq. Təəssüflər olsun ki, hakimlər həlledici görüşlərdə 2 güləşçimizi uduzdurdular. Əks halda biz rəqibi 5:3 hesabı ilə üstələmiş olacaqdıq. Buna baxmayaraq, Dünya Kubokunda Azərbaycan güləşinin dünyada liderlər sırasında olduğunu göstərdik. Rusiya kimi böyük dövlətlər hakimlərin köməyi ilə bizə qalib gələ bilir".

Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunlarının mayın 12-dən 22-dək Bakıda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi