​Olimpiadanın XII yarış günündə 3 Azərbaycan təmsilçisi mübarizə aparacaq

​Olimpiadanın XII yarış günündə 3 Azərbaycan təmsilçisi mübarizə aparacaq Bunlar Rəsul Çunayev, Osipenko-Radomskaya və Lorenso Sotomayordur
Fərdi
16 Avqust , 2016 04:03
​Olimpiadanın XII yarış günündə 3 Azərbaycan təmsilçisi mübarizə aparacaq

Bakı. 16 avqust. REPORT.AZ/ 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının XII yarış günündə Azərbaycanın 3 təmsilçisi mübarizə aparacaq.

"Report"un məlumatına görə, 3 növdə yarışacaq idmançıların hər birinin medal şansı var.

Əvvəlcə İnna Osipenko-Radomskaya qadınlar arasında 1 nəfərlik kayak qayığı (K-1) ilə 200 metr məsafəyə final yürüşünə çıxacaq. Bakı vaxtı ilə saat 16:47-də başlanacaq yürüşdə onun rəqibləri yarımfinalda üstələdiyi fransalı Sara Quyo (40,516), sloveniyalı Spela Ponomarenko Yaniç (40,797), eləcə də digər yarımfinal yürüşlərində yüksək nəticələr göstərmiş yeni zelandiyalı Liza Karrinqton (39,561), ispaniyalı Tereza Portela Rivas (40,241), qazaxıstanlı İnna Klinova (40,381), polşalı Marta Valçikeviç (40,619), isveçli Linnya Stensils (41,245) olacaq.

Osipenko-Radomskaya ötən 3 olimpiadada Ukrayna millisində çıxış edib və daim mükafatçılar sırasında yer alıb. O, "Afina-2004"də 4 nəfərlik qayıqla 500 metr məsafəyə yürüşdə bürünc, "Pekin-2008"də 1 nəfərlik qayıqla 500 metr məsafəyə yürüşdə qızıl, "London-2012"də isə 1 nəfərlik qayıqla həm 200 metr, həm də 500 metr məsafələrə yürüşdə gümüş medal qazanıb. Onun aktivində 2010-cu il dünya çempionatının qızıl medalı da var. Eyni zamanda, Tereza Portela Rivas və Marta Valçikeviç də "London-2012"də final yürüşündə 4-5-ci yerləri bölüşdürüb.

Saat 17:00-da yunan-Roma güləşi növündə Azərbaycanın son təmsilçisi Rəsul Çunayev 66 kq. çəki dərəcəsində ilk görüşünə çıxacaq. Onun 1/16 final mərhələsində rəqibi kubalı Migel Martines Palasio olacaq. Çunayev ötən il I Avropa Oyunlarında və dünya çempionatında 71 kq. çəki dərəcəsində qızıl medal qazanıb. Amma bu, olimpiya çəkisi sayılmadığından, 25 yaşlı pəhləvan aşağı çəkidə yarışmalı olacaq. Təsəlliverici görüşlər saat 23:00-da, medal görüşləri saat 24:00-da başlanacaq.

Nəhayət, gecə saat 01:15-də boksçu Lorenso Sotomayor 64 kq çəki dərəcəsində 1/4 final görüşünə çıxacaq. Kubalı legioner həmyerlisi Yasnier Toledonu yenə bilsə, ən azı bürünc medalı təmin edəcək. Sotomayor da Çunayev kimi, "Bakı-2015"in qalibi olub.

Finaldakı rəqiblərindən Karrinqton məhz son olimpiadanın qalibi olub.

Son xəbərlər

Orphus sistemi