İslam Həmrəyliyi Oyunları ilə əlaqədar avtobus sürücüləri xüsusi təlimlərə cəlb edilib

İslam Həmrəyliyi Oyunları ilə əlaqədar avtobus sürücüləri xüsusi təlimlərə cəlb edilib Təlimlərdə yoxlamadan keçmiş sürücülər iştirak edirlər
Fərdi
19 Aprel , 2017 15:48
İslam Həmrəyliyi Oyunları ilə əlaqədar avtobus sürücüləri xüsusi təlimlərə cəlb edilib

Bakı. 19 aprel. REPORT.AZ/ Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar ilkin mərhələdə Oyunlarda iştirak edəcək atletlərin nəqliyyat tələbatının təmin edilməsi sahəsində çalışacaq sürücülərin siyahısını hazırlayaraq Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinə təqdim edib. BNA-dan "Report"a daxil olan məlumata görə, müvafiq yoxlamadan keçmiş sürücülər BNA-nın Sürücü Təlim Mərkəzində xüsusi təlimlərə cəlb edilib.

Bununla yanaşı, atletlər üçün nəqliyyat mərkəzinin yaradılması ilə əlaqədar "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi müvəqqəti olaraq Milli Gimnastika Arenası ilə üzbəüz əraziyə köçürülüb. Burada sərnişinlərin rahatlığı və təhlükəsizliyinin artırılması məqsədi ilə müvafiq işlər görülüb. Belə ki, ərazidə avtobusların sürətinin azaldılması tədbirləri yerinə yetirilib, əlavə işıqlandırma projektorları quraşdırılıb, istiqamətləndirici və məlumatlandırma lövhələri yerləşdirilib.

Açılış və Bağlanış mərasimlərinə biletli tamaşaçıların ödənişsiz daşınması üçün Bakı Olimpiya Stadionu və 3 istiqamət üzrə (“20 Yanvar”, “Gənclik” və "Qara Qarayev” metro stansiyaları) ekspress xətt təşkil edilib. Ekspress xətlər üzrə tamaşaçıların rahat, eyni zamanda təhlükəsiz daşınması üçün BNA-nın göstərişinə əsasən müvafiq avtobus daşıyıcıları tərəfindən müəyyən edilmiş 200-dən çox avtobus cəlb ediləcək. Bu avtobusların müəyyən edilmiş qrafik üzrə fasiləsiz hərəkəti 35 nəfərlik dispetçer qrupu tərəfindən təmin ediləcək.

"1-30 may tarixlərində Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi tərəfindən akkreditasiya edilmiş şəxslərin (könüllülər, işçi qüvvəsi, media nümayəndələri və s.) müntəzəm avtobus marşrutlarından ödənişsiz istifadəsi də BNA tərəfindən təşkil ediləcək. Artıq bununla bağlı paytaxtın inzibati ərazisində müntəzəm sərnişindaşıma ilə məşğul olan bütün daşıyıcılara tapşırıq verilib", - deyə məlumatda əlavə edilib.

Qeyd edək ki, Tədbirlər Planına uyğun olaraq, Oyunlar zamanı bütün idman arenalarının ictimai nəqliyyat ilə təmin edilməsi, o cümlədən mövcud müntəzəm marşrut xətlərinə dəyişikliklərin edilməsi, zəruri hallarda qrafiklərin dəyişdirilməsi, avtobusların sayının artırılması və digər aidiyyəti işlərin aparılması da BNA tərəfindən təmin ediləcək. Bu və Oyunların nəqliyyat tədbiri ilə bağlı bütün digər zəruri məlumatlar BNA-nın www.bna.az rəsmi internet səhifəsi, "Facebook" səhifəsi və BNA-ya məxsus "AvtoRadio" (107.7 fm) vasitəsi ilə ictimaiyyətə çatdırılacaq.

Son xəbərlər

Orphus sistemi