Elxan Məmmədov: "İslamiadadakı nəticəyə görə AFFA tərəfindən də mükafat ayrılacaq" - MÜSAHİBƏ

Elxan Məmmədov: "İslamiadadakı nəticəyə görə AFFA tərəfindən də mükafat ayrılacaq" - MÜSAHİBƏ "Mənə dedilər ki, Azərbaycan yığmasının 3-cü qolu təmiz idi"
Fərdi
18 May , 2017 16:02
Elxan Məmmədov: İslamiadadakı nəticəyə görə AFFA tərəfindən də mükafat ayrılacaq - MÜSAHİBƏ
Report

Bakı. 18 may. REPORT.AZ/ AFFA-nın baş katibi Elxan Məmmədov 23 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında Əlcəzairi 2:0 hesabı ilə yendiyi yarımfinal matçından sonra jurnalistlərin suallarını cavablandırıb. "Report"un məlumatına görə, milli assosiasiya rəsmisi əvvəlcə oyunla bağlı fikirlərini bölüşüb: 

- Artıq maksimum məqsədə çatırıq, finaldayıq. Əsas odur ki, komandamız qol buraxmayıb. Bu da sevindirici haldır. Yəni, xüsusən müdafiə xətti və qapıçı çox cəsarətli oyun nümayiş etdirir. Artıq finaldayıq. Məncə, bu gün açıq oyun getdi. Rəqibin də şansları var idi. Amma bizdə fərqlənmək imkanı daha çox idi. Hər halda, 2:0 hesabı inamlı qələbədir. Fürsətdən istifadə edərək bütün azarkeşləri təbrik edirəm. Onları finalda gözləyəcəyik.

- İslamiadada yüksək nəticələrə görə dövlətin və Milli Olimpiya Komitəsinin verəcəyi mükafatın həcmi açıqlanıb. Bəs AFFA əlavə mükafat vermək niyyətindədir?

- Təbii ki, AFFA tərəfindən də mükafat ayrılacaq. Amma gəlin, ilk növbədə, məqsədimizə çataq. Ondan sonra mükafatın məbləğini komandaya elan edəcəyik.

- Mərakeşlə də, bu oyundan sonra da qarşı tərəfdən hakimliklə bağlı narazılıqlar səsləndirilib. Federasiya rəsmisi kimi bunlara münasibətiniz necədir?

- Açığı, bizə qarşı tərəfdən heç kim yaxınlaşmayıb, heç nə deməyib. Amma başqa bir xarici nümayəndə yaxınlaşdı. Dedi ki, 3-cü qolu da vurmuşdunuz. Lakin hakim qapı xəttini keçən topu qol saymadı. Düzü, mən təkrara baxa bilməmişəm. Çünki televizor yox idi. Axşam baxacağıq. Bugünkü oyun hər şeyi göstərdi. Daha çox qol vurmağa şanslarımız da var idi. Belə bir şikayət də olmadı.

- Milli komanda azarkeş baxımından əziyyət çəkir. Baxmayaraq ki, satışda bilet yoxdur...

- İdmanla bağlı məsələlərə İslamiadanın təşkilat komitəsində çalışan menecer cavabdehdir. Mən də ondan soruşdum. Özüm də 20 bilet almaq istəyirdim. Biletlərin satıldığını dedilər. Lakin təəssüflər olsun ki, azarkeşləri burada görmədik. Yəqin ki, vaxta görədir. Yayıma görə başlama saatını indiyə salmışdılar. İş günü olduğundan, ola bilsin, şəhərdən Mərdəkana gəlməkdə çətinlik çəkiblər. Bura gələnlər isə Mərdəkan yaxınlığında yaşayanlardır.

- Finalda hansı komandanı rəqib görmək istərdiniz?

- Daha zəifini (gülür).

Son xəbərlər

Orphus sistemi