Bu gün “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasimi keçiriləcək

Bu gün “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasimi keçiriləcək Bakı Olimpiya Stadionunda baş tutacaq tədbir saat 21:00-da start götürəcək
Fərdi
12 May , 2017 00:01
Bu gün “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasimi keçiriləcək
Azertag.az

Bakı. 12 may. REPORT.AZ/ Bu gün “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasimi keçiriləcək.

“Report”un məlumatına görə, saat 21:00-da Bakı Olimpiya Stadionunda start götürəcək tədbirdə Azərbaycan və İslam mədəniyyətini tərənnüm edən kompozisiyalar nümayiş olunacaq. Beş min nəfərin cəlb olunduğu açılışa yerli incəsənət xadimlərinin çıxışları, idmançıların paradı və atəşfəşanlıq xüsusi rəng qatacaq.

Təxminən iki saat davam edəcək mərasimdə ölkə rəhbərliyinin, xarici dövlətlərin rəsmlərinin, beynəlxalq təşkilat və federasiyan nümayəndələrinin iştirakı gözlənilir. Dörd qitədə yayımlanacaq İslamiadanı ümumilikdə 1,3 milyard insanın izləməsi proqnozlaşdırılır.

Oyunlarda 54 ölkənin idmançıları 21 idman növü üzrə 269 dəst medal uğrunda mübarizə aparacaqlar. Yarışların proqramına bəzi yeni idman növləri də daxil edilib. Bunlar güləş, cüdo, paracüdo, paraatletika, boks, zorxana, atıcılıq, bədii və idman gimnastikasıdır.

Komanda idman növlərindən 3X3 basketbol, su polosu, voleybol, həndbol və futbola yer verilib. Həmçinin, üzgüçülük, suyatullanma, stolüstü tennis, tennis, atletika, taekvondo, ağırlıqqaldırma, karate və uşu üzrə yarışlar baş tutacaq.

Yarışlar 17 məkanda Bakı Olimpiya Stadionu, Bakı Su İdmanı Mərkəzi, Su Polosu Arenası, Basketbol Arenası, Bayıl Arena, AZAL Arena, Dalğa Arena, Tofiq Bəhramov adına Respublika stadionu, Ağır Atletika Arenası, Bakı İdman Zalı, Bakı Atıcılıq Mərkəzi, Bakı Tennis Akademiyası, Bakı Kristal Zalı 1, Bakı Kristal Zalı 2, Sərhədçi İdman Kompleksi, Heydər Əliyev adına İdman Arenası və Milli Gimnastika Arenasında keçiriləcək.

Oyunların maskotları - İncə və Cəsur Azərbaycanın milli sərvəti olan Qarabağ atlarıdır. İncə zəriflik və gözəlliyi, Cəsur isə məharət və mərdliyi təcəssüm etdirirlər.

İslamiadanın açılışı mayın 12-nə təyin olunsa da, artıq futbol, həndbol və voleybol yarışlarına start verilib. Bu da Oyunların təqviminin qısa olması ilə əlaqədardır.

Azərbaycan “Bakı 2017”yə ən böyük heyətlə - 500 nəfərlə qatılacaq. Onlardan 345-i idmançıdır. İkinci ən geniş heyət isə Türkiyəyə məxsusdur. Qonşu ölkə yarışlarda 339 idmançı ilə təmsil olunacaq.

Qeyd edək ki, İslam Həmrəyliyi Oyunları ilk dəfə 2005-ci ildə Səudiyyə Ərəbistanında keçirilib. 2009-cu ilin oktyabrında İranda reallaşması nəzərdə tutulan növbəti Oyunlar 2010-cu ilin aprelinə təxirə salınıb və sonradan ləğv olunub. Sayca üçüncü İslamiada isə 2013-cü ildə İndoneziyada baş tutub.

Azərbaycan idmançıları ilk İslamiadada 4 qızıl, 4 gümüş və 7 bürünc medal qazanıblar. Üçüncü dəfə təşkil olunan Oyunlarda isə 6 qızıl, 9 gümüş və 9 bürünc medal əldə olunub.

Son xəbərlər

Orphus sistemi