Azərbaycan boksçularının "Rio-2016"dakı ilk rəqibləri müəyyənləşib

Azərbaycan boksçularının "Rio-2016"dakı ilk rəqibləri müəyyənləşib Azərbaycanı 10 kişi və 1 qadın boksçu təmsil edəcək
Fərdi
5 Avqust , 2016 12:02
Azərbaycan boksçularının Rio-2016dakı ilk rəqibləri müəyyənləşib
Courtesy İmage

Bakı. 5 avqust. REPORT.AZ/ 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında yarışacaq boksçular üçün püşkatma mərasimi keçirilib. "Report"un məlumatına görə, bu növdə Azərbaycanı 10 kişi və 1 qadın boksçu təmsil edəcək.

49 kq çəki dərəcəsində çıxış edən Rüfət Hüseynov mübarizəyə 1/16 final mərhələsindən başlayacaq. O, ilk görüşündə namibiyalı Matias Hamunyela ilə qarşılaşacaq. Döyüş avqustun 6-da saat 24:00-da başlanacaq. Qalib boksçu növbəti mərhələdə qazaxıstanlı Birjan Jakıpova rəqib olacaq.

52 kq çəkidəki dünya çempionu Elvin Məmişzadə mübarizəyə avqustun 15-də saat 20:30-da qoşulacaq. Onun 1/8 finaldakı rəqibi avqustun 13-də keçiriləcək Jeyvyer Sintron (Puerto-Riko) - Oljas Sattıbayev (Qazaxıstan) görüşünün qalibi olacaq.

56 kq çəkidə yer alan digər dünya çempionu Cavid Çələbiyev avqustun 12-də 1/16 final döyüşünə çıxacaq. O, saat 02:30-a təsadüf edəcək qarşılaşmada qazaxıstanlı Kayrat Yaraliyevi sınağa çəkəcək.

60 kq çəkidəki Albert Səlimov 1/8 final mərhələsində rəqibini gözləyəcək. Avqustun 10-da saat 02:45-də keçiriləcək qarşılaşmada onun rəqibi Devid Olivye Coys (İrlandiya) - Andrik Allisop (Seyşel adaları) cütünün qalibi olacaq.

64 kq çəkidə çıxış edən Lorenso Sotomayorun bəxtinə 1/16 finalda ukraynalı Vladimir Matviyçuk düşüb. Görüş avqustun 12-də saat 02:45-də başlanacaq.

69 kq çəkidəki Pərviz Bağırov mübarizəyə 1/8 finaldan başlayacaq. Avqustun 12-də saat 03:30-da başlanacaq qarşılaşmada onun rəqibi Süleyman Diop Sissoko (Fransa) - İmre Balaj Baçkay (Macarıstan) cütünün qalibi olacaq.

75 kq çəkidə yer alan Kamran Şahsuvarlı mübarizəyə avqustun 9-da saat 21:15-ə təsadüf edəcək 1/16 final mərhələsindən başlayacaq. O, çinli Minqqanq Çaonu yensə, növbəti mərhələdə Artyom Çebotaryova rəqib olacaq.

81 kq çəkidə çıxış edəcək Teymur Məmmədov 1/16 final mərhələsinə təsadüf edəcək ilk görüşündə ukraynalı Denis Solonenkonu sınağa çəkəcək. Döyüş avqustun 8-də saat 04:00-da başlanacaq.

91 kq çəkidəki Abdulqadir Abdullayev mübarizəyə 1/8 final mərhələsindən başlayacaq. Avqustun 8-də saat 22:45-də başlanacaq görüşdə onun rəqibi Pol Omba Bionqolo olacaq.

91 kq-dan yuxarı çəkidə yer alan Məhəmmədrəsul Məcidovun ilk döyüşü 1/16 finala təsadüf edəcək. O, avqustun 10-da saat 04:00-da Mohammed Arjaui ilə üz-üzə gələcək. Görüşün qalibi növbəti mərhələdə qazaxıstanlı İvan Dıçko ilə görüşəcək.

Nəhayət, Azərbaycanın olimpiadadakı yeganə qadın boksçusu Yana Alekseyevna ilk görüşünü avqustun 15-də saat 20:15-də keçirəcək. Həmin gün o, 1/4 finalda Junhua Yin (Çin) - Hasna Laşqar (Mərakeş) cütünün qalibi ilə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi