Assosiasiya rəhbəri: “Daha çox öz milli nar sortlarımızın inkişaf etdirilməsinə çalışmalıyıq”

Assosiasiya rəhbəri: “Daha çox öz milli nar sortlarımızın inkişaf etdirilməsinə çalışmalıyıq” Azərbaycan bu gün mövcud olan faktiki nar sortlarının yaxşılaşdırılmasını həyata keçirməlidir.
ASK
21 İyun , 2019 19:24
Assosiasiya rəhbəri: “Daha çox öz milli nar sortlarımızın inkişaf etdirilməsinə çalışmalıyıq”

"Azərbaycan bu gün mövcud olan faktiki nar sortlarının yaxşılaşdırılmasını həyata keçirməlidir".

Bunu “Report”a açıqlamasında Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov bildirib.

Xaricdən gətirilən və dadında Azərbaycan narının dadına çatmayan nar tinglərinin istifadəsinə toxunaraq F.Qaraşov qeyd edib ki, bu sortların bizim milli sortlarla qarışması məsləhət deyil: "Düşünürəm ki, biz daha çox öz milli nar sortlarımızın inkişaf etdirilməsi üzərində çalışmalıyıq. Hazırda Azərbaycan Milli Elmlər Akademiyası və Kənd Təsərrüfatı Nazirliyinin institutları bunun üzərində işləyirlər”.

Assosiasiya sədri bildirib ki, Azərbaycanda 70-ə yaxın nar sortu olub: “Əsasən 120-130-a yaxın sort ad olaraq deyilib. Ancaq bu sortlar bir-birinə yaxın olduğu üçün hazırda, təxminən, 70 adda sort mövcuddur. Hazırda ən geniş yayılmış nar sortlarının sayı isə 20-yə yaxındır. İxrac üçün daha çox yararlı olan nar sortları qalın qabığı olan “Vələs”, “Mələs”, “Qırmızı qabıq” kimi sortlardır”.

F.Qaraşov deyib ki, dövlət tərəfindən qeydiyyatda olan fermerlərə subsidiyalar verilir və mineral gübrələrin güzəştli satışı təmin edilir və bu, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilir. 

Qeyd edək ki, Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası 31 oktyabr 2016-cı il tarixində yaradılıb. Quru subtropik zonada yerləşən Şirvan bölgəsi ən yaxşı nar növlərinin yetişdirilməsi üçün əlverişlidirsə, şirə çeşidlərinin istehsalı zamanı, əsas etibarı ilə, Göyçayda yetişən narlardan istifadə olunur. Ən yaxşı standart növlər "Şəlli mələsi", "Şahnar", "Çəhrayı gülöyşə", "Azərbaycan gülöyşəsi", "Qırmızıqabıq", "Bala Mürsəl", "Nazikqabıq" və "Qırmızı vələs"dir.

Son xəbərlər

Orphus sistemi