​Ucarda güzəştli kreditlər hesabına quşçuluq fabriki yaradılıb

​Ucarda güzəştli kreditlər hesabına quşçuluq fabriki yaradılıb Verilmiş kreditlər əsasən heyvandarlıq, tərəvəzçilik, taxılçılıq kimi sahələrin inkişafına yönəldiləcək
ASK
24 İyun , 2015 15:40
​Ucarda güzəştli kreditlər hesabına quşçuluq fabriki yaradılıb

Bakı. 24 iyun. REPORT.AZ/ İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forum iyunun 24-də Ucar rayonunun Qazıqumlaq kəndində keçirib.

“Report” nazirliyə istinadən bildirir ki, işgüzar forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatlar verilib, Ucarda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkarlarla müvəkkil kredit təşkilatları arasında işgüzar münasibətlər qurulub, sahibkarların investisiya layihələri maliyyələşdirilib

100-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Ucar rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan cins heyvandarlıq, istixana və intensiv bağçılıq və tərəvəzçilik təsərrüfatlarının, pendir və plastik qapı-pəncərə istehsalı müəssisələrinin və çörək zavodunun yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, 2015-ci ilin ötən dövrü ərzində 2771 sahibkara 92,4 mln. manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 6300-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Qeyd edilib ki, ümumilikdə, indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 10600-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 431 mln. manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, quşçuluq fabriklərinin, cins iri buynuzlu heyvandarlıq komplekslərinin, çörək zavodlarının, meyvə-tərəvəz, ət, süd emalı, quru meyvə, tikinti materiallarının istehsalı müəssisələrinin, iri fermer, üzümçülük təsərrüfatlarının yaradılması kimi sahələr üzrə investisiya layihələri maliyyələşdirilib, 35000-dən çox yeni iş yerinin açılması imkanı yaradılıb.

İşgüzar forum çərçivəsində Ucar və ətraf rayonlardan olan 69 sahibkara 1,9 mln. manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən heyvandarlıq, tərəvəzçilik, taxılçılıq kimi sahələrin inkişafına yönəldiləcək.

Forum çərçivəsində Ucarda güzəştli kredit ayrılmış ildə 9,5 min ton quş əti istehsal etmək gücündə olan müəssisəyə baxış keçirilib. Ümumilikdə, son illər ərzində dövlətin güzəştli kreditləri hesabına illik istehsal gücü 59,4 min ton quş əti və 296 mln. ədəddən çox yumurta olan 42 quşçuluq təsərrüfatına 116,6 mln. manat güzəştli kredit verilib, nəticədə sənaye üsulu ilə quş əti istehsalı ildə 100 min tonu ötüb, bu sahədə özünü təminetmə səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlib.

Son xəbərlər

Orphus sistemi