​Tütünün satınalma qiyməti 56% artırılacaq

​Tütünün satınalma qiyməti 56% artırılacaq Görüşdə tütün istehsalı və emalı müəssisələrinin nümayəndələri ilə tütünçülüyün inkişafı məsələləri müzakirə edilib
ASK
8 Fevral , 2016 18:23
​Tütünün satınalma qiyməti 56% artırılacaq

Bakı. 8 fevral. REPORT.AZ/ İqtisadiyyat naziri Şahin Mustafayev və kənd təsərrüfatı naziri Heydər Əsədov tütün istehsalı və emalı müəssisələrinin nümayəndələri ilə görüşüblər. Bu barədə "Report"a İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının sədri Məmməd Musayevin də iştirak etdiyi görüşdə tütün istehsalı və emalı müəssisələrinin nümayəndələri ilə tütünçülüyün inkişafı məsələləri müzakirə edilib.

Tütün istehsalı və emalı müəssisələrinin nümayəndələri toxumun idxal rüsumundan azad edilməsi, tütünçülük sahəsinə daha çox güzəştli kreditlərin ayrılması, tütün istehsalının subsidiyalaşdırılması barədə təkliflərini bildirib və bu təkliflər müzakirə olunub.

Görüşdə qeyd edilib ki, bu sahəyə marağın daha da artırılması məqsədilə stimulaşdırma tədbirləri həyata keçiriləcək, fermerlərə güzəştli kreditlərdən və aqrolizinq xidmətlərindən daha geniş istifadə imkanları yaradılacaq. Görülən işlər nəticəsində tütün əkini sahələri genişləndiriləcək. Belə ki, 2016-cı ildə ötən illə müqayisədə 2 dəfədən çox yəni 3 min hektar sahədə tütün əkiləcək.

Bütün bunların isə bu sahədə məşğulluq səviyyəsini əhəmiyyətli dərəcədə yüksəldəcək, tütünçülük sahəsində çalışanların sayı ötən illə müqayisədə 2 dəfə artmaqla 8 min nəfərə çatacağı qeyd edilir.

Nazirliyin açıqlamasında qeyd edilir ki, həyata keçirilən tədbirlər fermerlərdən yaş tütünün alış qiymətinin ciddi şəkildə artırılmasına imkan yaradacaq. Görüşdə tütün istehsalı və emalı müəssisələrinin nümayəndələri satınalma qiymətinin 2016-cı ildə əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə artırılmaqla birinci növ yaş tütünün bir kiloqramını 25 qəpiyə (2015-ci ildə 1 kq üçün 16 qəpik), ikinci növ yaş tütünün bir kiloqramını 15 qəpiyə (2015-ci ildə 1 kq üçün 8 qəpik) qəbul ediləcəyini bildirib.

Qeyd edək ki, nazirlərin sahibkarlarla görüşü “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda dövlət başçısının ənənəvi sahələrin, o cümlədən tütünçülüyün inkişaf etdirilməsi barədə verdiyi tapşırığa uyğun olaraq reallaşıb

Son xəbərlər

Orphus sistemi