Yuxarı

Şəkinin gələcək simasına çevrilə biləcək bağdan - REPORTAJ

Şəkinin gələcək simasına çevrilə biləcək bağdan

Bu bağa girəndə insan sanki cənnətə düşür. 

Bütün stressini atır, fikirdən uzaqlaşır, özünə qayıdır, özünü duyursan. 

Söhbət Şəkidə yerləşən, buranın gələcək simasına çevriləcək bağdan - iş adamı Etibar Nuriyevə məxsus "Bio Garden"dən gedir. 

"Report" olaraq biz bura Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Dövlət Aqrar Ticarət Şirkəti" MMC-nin həyata keçirdiyi "Şəhərdən Kəndə" layihəsi çərçivəsində aqro ekoturizmin təbliği məqsədi ilə təşkil etdiyi infotur çərçivəsində gəlmişdik. Bizi elə bağın sahibi qarşıladı, üzüm tənəklərini bağlayarkən yıxılıb ayağını sındırsa da 3-4 saatını jurnalistlərlə keçirdi və hər şeyi detallarına qədər bizə bir-bir izah etdi. 

"Burada əkilmiş bitkilər mənim qayğımı, məhəbbətimi, xoş sözlərimi duyur"

"Bio Garden" Şəkinin Öyrət Kənd Bələdiyyəsinin ərazisində yerləşir və 8 hektar sahəni əhatə edir. Bu bağa həm Azərbaycanda, həm də xarici ölkələrdə yetişən müxtəlif meyvələrin tingləri gətirilib. E.Nuriyev deyir ki, hər gün burada, təxminən, 25-30 km məsafə qət edir və bitkilərə qayğı göstərir: "İşçilər gələnə qədər bağı gəzmək, diqqətlə hər şeyə baxmaq lazımdır ki, harda nə iş görəcəyimizi müəyyənləşdirək. Burada Azərbaycanın florasını xarici qonaqlara və mütəxəssislərə təqdim edirik, dünya standartları əsasında kənd təsərrüfatının inkişafına töhfə veririk. Uzaq Yaponiyadan, Çindən, Avropa ölkələrindən, hətta qonşu İran və Gürcüstandan burada meyvə və giləmeyvələr  var. Məhsullar tam orqanikdir və onlara heç bir kimyəvi maddə, yaxud bir başqa qatqı vurulmur". 

Etibar müəllim bağa övladı kimi yanaşdığını deyir: "Mənə elə gəlir ki, burada əkilmiş bitkilər mənim qayğımı, məhəbbətimi, xoş sözlərimi duyur. Bu cür bağı salmaq çox çətindir, mən bu ərazini alanda ətrafda ancaq buğda əkilirdi. Mən isə inam və zəhmətimlə buranı cənnətə çevirə bildim. Əgər insan gördüyü işin gələcəyinə inansa, ona məsuliyyətli yanaşsa, istədiyi nəticəni əldə edə bilər". 

“Azərbaycanın aqro ekoturizmi brendləşəcək”

Onun sözlərinə görə, bağda bütün meyvələrin bir neçə növü mövcüddur: “Azərbaycanın gen fondu qorunmalı, itməməlidir. Bizim 70-ə yaxın fındıq növümüz var, bunun 15-ə yaxınını burada əkmişəm. Hər kəs bacardığı qədər bu çeşidləri inkişaf etdirməlidir. Belə təsərrüfatların gələcək inkişafına şərait yaratmışıq. Bu gün dövlətimiz çalışır ki, Azərbaycana məxsus meyvə və tərəvəz sortlarını pasportlaşdırsın. Kənd təsərrüfatına marağı olan insan bura gəlib, gördüyüm işlərə baxa, öyrənə bilər. Hazırda bağda 7 nəfər çalışır. Amma elə vaxt olur ki, təkcə fındıq yığımında 20 nəfər iştirak edir. Övladlarım isə bu bağı turizm baxımından idarə edir. 11 ildir ki, işlərə başlasaq da, yalnız keçən ildən insanların bura daxil olmasına şərait yaratmışıq. Hər şey tam hazır olduqdan sonra cəmiyyətə təqdim etdik". 

"Bu cür bağ MDB-də ilk dəfə Azərbaycanda mövcuddür. "ASAN xidmət" kimi ölkəmizin aqro ekoturizmi də brendləşəcək", - deyən E.Nuriyev vaxtilə Kənd Təsərrüfatı naziri İnam Kərimovla görüşdüyünü və bağa dəvət etdiyini deyir: "Nazir bura gəlsə, mən çox şad olaram. O da bura ayaq basmış ilk nazir olar". 

Zəfəran, üzüm, armud

“Burada İspaniya mənşəli zəfəran əkilib. Bu sortun yaşının, təxminən, 1 000 il olduğu deyilir və məişətdə ən çox ona tələbat var. Heç İran sortuna baxan yoxdur. Üzümün isə 20-dən çox çeşidi var. Azərbaycanda yetişən süfrə üzümləri ilə yanaşı, İrandan, Türkiyədən, Gürcüstandan, İspaniyadan və digər ölkələrdən üzüm növləri gətirmişəm. Armudun 15-dən çox çeşidi mövcuddür. Hər bir çeşidin öz dadı, yetişmə müddəti var. Sentyabrın 10-a qədər yetişəcək armud çeşidləri var ki, insanları təəccübləndirir", - deyə bağ sahibi bizimlə söhbətini davam etdirir. 

"Avropa ölkələrində aqrar ekoturizm çoxdan inkişaf edib. Xoş məqamdır ki, məhsullar yol kənarlarında satıcı olmadan realizə edilir. Qiymətlər də lövhədə olur. İnsanlar kassaya pul ödəməklə ərzaq məhsullarını alırlar. Biz aqro ekoturizmi təbliğ etməklə cəmiyyətimizə bu mədəniyyəti aşılamaqda yardımçı olmaq istəyirik. İnsanlar bura daxil olanda kənar şəxsin bağına daxil olduqları kimi yox, öz bağlarına daxil olduqları qədər ehtiyatla yanaşsınlar. Daha çox dəyər verilsin. Bu mədəniyyət zaman-zaman insanlarda formalaşdırılmalıdır. Özgənin malı yoxdur. İnsanlar hər şeyə, o cümlədən məhsulun yetişdirilməsinə çəkilən əziyyətə dəyər verməlidirlər". 

Fermerlərə məsləhət

E.Nuriyev söhbət zamanı digər fermerlərə məsləhətlərini də verdi və təsərrüfat sahiblərini, ilk növbədə, inkişaf etmiş ölkələrin təcrübəsindən yararlanmağa çağırdı: “Xarici mədəniyyətdən, aqro-texniki qulluqdan, çeşidlərin seçilməsindən dərs götürməliyik. Azərbaycanlı fermerlərə əsas tövsiyəm budur ki, sudan və torpaqdan maksimum yararlansınlar. Mən xarici ölkələrdə gördüklərimi burada tətbiq etmişəm. Fermerlərimizin bu ərazidən götürəcəyi örnəklər çoxdur. Məsələn, maksimum məhsuldarlıq necə əldə etmək olar, ağacların arasında əlavə hansı bitkilər əkmək olar ki, aktiv fazaya keçsin və rentabelli təsərrüfat olsun”.

Bağ sahibi bura gələn qonaqlar barədə də danışdı: "Dünyanın hər yerindən bura gəlirlər, hazırda ərəblər üstünlük təşkil edir. Avropadan gələnlər də olur. Biz yerli və xarici turist arasında fərq qoymuruq, hər bir insana yüksək səviyyədə xidmət göstərməyə çalışırıq. Əsas məsələ təqdimatımızın yaxşı olmasıdır, çünki Azərbaycanı təbliğ edirik, bunun üçün əlimizdən gələni əsirgəmirik. Gün ərzində 40-50 turistin gəlməsi adət halına alıb. Yerli vətəndaşlar üçün giriş 5 manat, xarici vətəndaşlar üçün isə 8 manatdır. Həmin məbləğə bağda olan meyvələrdən istənilən qədər yemək daxildir. Meyvələri pulla almaq imkanı da var. Növbəti illərdə bura digər xidmətlər də əlavə ediləcək”. 

E.Nuriyev “Şəhərdən kəndə” layihəsinin əhəmiyyətinə dair fikirlərin də bölüşdü: "Bu layihə barədə eşidəndə çox sevindim və ona qoşulmağa qərar verdim. Özüm dünyanın bir çox ölkəsində olmuşam və aqro ekoturizmlə bağlı xeyli məlumatım var. Təsərrüfat sahibləri bu layihəyə qoşulmaqla əlavə gəlir əldə edə və təsərrüfatlarını inkişaf etdirə bilərlər. “Şəhərdən kəndə” layihəsinin aqro ekoturizmə çox böyük fayda verəcəyini düşünürəm. Gələcəkdə turist axınının artırılması üçün təsərrüfatımızı daha da böyütməyi və inkişaf etdirməyi planlaşdırırıq". 

Biz vaxt məhdudiyyətinə görə bütün bağı gəzə bilmədik, amma bir neçə saatlıq gəzintidən belə xoş təəssürat aldıq, ərazinin gələcəkdə həm bütün Azərbaycanın, həm də Şəkinin simvoluna çevriləcəyinə əminlik hissi ilə oranı tərk etdik.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi