Rusiyanın iki bölgəsindən Azərbaycana diri quş və quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub

Rusiyanın iki bölgəsindən Azərbaycana diri quş və quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub Məhdudiyyəti Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti tətbiq edib
ASK
14 Dekabr , 2016 17:14
Rusiyanın iki bölgəsindən Azərbaycana diri quş və quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub

Bakı. 14 dekabr. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) Rusiyanın Kalmıkya Respublikasından və Həştərxan vilayətindən diri quş və quşçuluq məhsullarının Azərbaycana idxalına müvəqqəti məhdudiyyət qoyub. “Report” xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

Məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (BEB) bu il noyabrın 24-də və dekabrın 9-da yaydığı rəsmi məlumatlarda Rusiyanın adı çəkilən iki bölgəsində ev quşları arasında yüksək patogenli quş qripi (H5) xəstəliyinin yayıldığını bildirib. Bununla əlaqədar başqa dövlətlərdən keçə biləcək yoluxucu və ekzotik xəstəliklərdən qorunması məqsədilə DBNX-nın rəhbərliyi həm Kalmıkya və Həştərxandan, həm də risk zonasına daxil olan Dağıstan Respublikasından, Volqoqrad, Rostov, Stavropol vilayətlərindən və Çerkessk bölgəsindən diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti olaraq məhdudiyyət qoyulması haqqında əmr imzalayıb.

Əmrdə dövlət baytarlıq nəzarətində olan digər yüklərin idxalı məsələsinə Rusiyanın Dövlət Baytarlıq Xidmətinin yükün çıxarıldığı ərazinin epizootik vəziyyəti və məhsulun sağlamlığı haqqında rəsmi arayışı olduğu təqdirdə baxılması qeyd olunub.

DBNX quşculuq təsərrüfatlarının rəhbərlərinə və əhaliyə tövsiyə edir ki, quşları baytarlıq-sanitariya tələblərinə riayət etməklə qapalı şəraitdə saxlasınlar.

Son xəbərlər

Orphus sistemi