Rusiyadan gətirilən ərzaqlıq qarğıdalıda təhlükəli alaq otu aşkarlanıb

Rusiyadan gətirilən ərzaqlıq qarğıdalıda təhlükəli alaq otu aşkarlanıb Məhsul xüsusi aqreqatlar vasitəsilə təmizləndikdən sonra yandırılma yolu ilə məhv edilib
ASK
15 Dekabr , 2016 16:48
Rusiyadan gətirilən ərzaqlıq qarğıdalıda təhlükəli alaq otu aşkarlanıb

Bakı. 15 dekabr. REPORT.AZ/ Rusiyadan gətirilən ərzaqlıq qarğıdalıda təhlükəli alaq otu aşkarlanıb.

"Report"un Qarabağ bürosu xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin (DFNX) rəisi Camal Quliyev məlumat verib. 

Onun sözlərinə görə, bir neçə gün əvvəl Dövlət Xidməti Rusiyadan Azərbaycana idxal olunmuş 1050 ton ərzaqlıq qarğıdalıda yovşanyarpaqlı ambroziya (Ambrosia artemisiifolia L.) aşkar edib. “S.A.N.İ Kəndli Fermer Təsərrüfatı” MMC-yə məxsus yükdən götürülmüş nümunələrin Dövlət Xidmətinın Karantin Ekspertiza Mərkəzinin müvafiq laboratoriyasında ekspertizası zamanı aşkar olunan alaq otu toxumunun karantin əhəmiyyətli olduğu müəyyən edilib və məhsulun ölkə daxilində satışına və istifadəsinə icazə verilməyib. Yük sahibinin diqqətinə çatdırılıb ki, karantin tədbirlər sisteminə riayət etmək şərtilə yük xüsusi aqreqatlar vasitəsi ilə təmizlənməli, ayrılmış çıxar isə alaq toxumları ilə birlikdə məhv edilməlidir. Tələb olunan fitosanitar tədbirlər sistemi həyata keçirildikdən sonra məhsul təkrar yoxlanılmalı və ambroziya aşkar edilmədikdə, istifadə edilməsinə icazə verilməlidir. Məhsul xüsusi aqreqatlar vasitəsilə təmizləndikdən sonra alınmış 10 tona yaxın ambroziya toxumları olan çıxar “S.A.N.İ. Kəndli Fermer Təsərrüfatı” MMC-nin Bərdə rayonunun Çələbilər kəndindəki ərazisində dekabrın 15-də yandırılma yolu ilə məhv edilib".

Qeyd edək ki, yovşanyarpaqlı ambroziya təhlükəli alaq bitkisidir. İnkişaf etmiş yerüstü və kök sistemi sayəsində bu alaq otu torpağı çox qurudur və münbitliyi azaldır. Ambroziya qalıqları qarışmış yem ilə qidalanmış heyvanların südü və süd məhsulları acı dadlı olmaqla yanaşı, xoşagəlməz iy verir. Yovşanyarpaqlı ambroziya təhlükəli alaq otu olmaqla yanaşı, həm də insan sağlamlığı üçün təhlükəlidir. Belə ki, çiçəklənmə dövründə havaya yayılan çoxsaylı tozcuqları insanlarda müəyyən allergikxəstəliklər – ambroziya polinozları əmələ gətirir. Bu insanlarda tənəffüs yolları və gözün selikli qişası şişir, tənəffüs çətinləşir, görmə və ümumilikdə iş qabilliyəti zəifləyir. Bir müddət sonra allergik reaksiyalar bronxial astmaya çevrilir.

Son xəbərlər

Orphus sistemi