Bakı. 8 aprel. REPORT.AZ/ Azərbaycandan Rusiyanın Rostov vilayətinin Novoçerkassk şəhərinə göndərilən 20 ton quru süd məhsulu geri qaytarılıb. "Report"un "Rostov.press" saytına istinadən yaydığı xəbərə görə, ixrac üçün heç bir rəsmi sənədi olmayan məhsulun geri qaytarılmasına Rusiya Fitosanitariya və Baytarlığa Nəzarət Federal Xidməti (Rosselxoznadzor) qərar verib.
Qadağan edilmiş yük Dağıstanda buraxılış məntəqəsində avtomobildə aparılan yoxlama zamanı aşkar edilib.
Rusiya Fitosanitariya və Baytarlığa Nəzarət Federal Xidməti qeyd edib ki, Azərbaycandan Rusiya və Avrasiya İqtisadi Birliyinə öz məhsullarının tədarükünü həyata keçirmək hüququna ancaq 4 müəsissə malikdir. Rusiya sərhədində saxlanılan müəsissə isə onların sırasında olmayıb.