Qubada fermerlərə meyvə bağlarının saxlanılmasına dair təlim keçiriləcək

Qubada fermerlərə meyvə bağlarının saxlanılmasına dair təlim keçiriləcək Təlimlər yanvarın 31-dən fevralın 8-nə qədər davam edəcək
ASK
27 Yanvar , 2017 12:51
Qubada fermerlərə meyvə bağlarının saxlanılmasına dair təlim keçiriləcək

Bakı. 27 yanvar.REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi (KTN) Quba rayonunda Timiryazev qəsəbəsində açdığı “Fermer evi”ndə meyvə bağlarının idarə olunması üzrə qısamüddətli təlim kursları təşkil edəcək. 

Bu barədə "Report"a nazirlikdən bildirilib. 

Məlumata görə, təlimlər yanvarın 31-dən fevralın 8-nə qədər, həftədə 2 dəfə keçiriləcək. 

Kurslar Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı üzrə Layihə və Kreditlərin İdarə edilməsi üzrə Dövlət Xidmətinin Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ - Gesellschaft für Internationale Zusammenarbeit) ilə əməkdaşlığı çərçivəsində təşkil olunur. Təlimləri "Consulting Group" MMC və Quba Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin mütəxəssisləri aparacaqlar.

Bütöv tədarük zəncirini əhatə edəcək kurslarda nümunəvi bağçılıq, intensiv bağçılığa keçid, becərmə və zərərvericilərə qarşı mübarizə, yığım və depolama, logistika və marketinq mövzuları öyrədiləcək.

Təlim iştirakçıları ekspertlərin təqdimatlarını dinləməklə yanaşı, müvafiq metodiki vəsaitlər əldə edəcək, Quba rayonunda yerləşən nümunəvi bağların fəaliyyətləri ilə tanış olacaqlar.

Regionda meyvə bağlarının salınması və idarəolunması ilə məşğul olmaq istəyən hər bir fermer müraciət edib təlimlərə qatıla bilər. Təlimlər ödənişsizdir. 

Fermerlər kurslara yazılmaq üçün əlaqə məlumatlarını KTN-nin www.agro.gov.az saytından və nazirliyin rəsmi facebook səhifəsindən (https://www.facebook.com/agro.gov.az) götürə bilərlər.

Son xəbərlər

Orphus sistemi