Yuxarı

İmişlidə heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı bu ilin profilaktik tədbirlərinə başlanılıb

Nazirlik ​İmişlidə epizootiya əleyhinə profilaktik tədbirlər aparır

Bakı. 16 yanvar. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) İmişli rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər aparıb.

Bu barədə “Report”a DBX-dən bildirilib.

Məlumatda qeyd edilib ki, İmişli rayonunda epizootik durum sabitdir. Bildirilib ki, buna baxmayaraq, heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı 2019-cu ilin profilaktik tədbirlərinə başlanılıb. Müayinə və profilaktik tədbirlər həm fərdi, həm də fermer təsərrüfatlarında aparılır. Dövlət Baytarlıq Xidmətinin İmişli rayon Baytarlıq idarəsinə verilən peyvənd vasitələri “soyuq zəncir” rejimi gözlənilməklə sahə baytarlıq məntəqələrinə termocamadanlarla çatdırılır və heyvanlara tətbiq edilir. İlin əvvəlindən başlanan bu tədbirlər iribuynuzlu, təkdırnaqlı və donuzlar arasında qarayara xəstəliyinə qarşı aparılır. Bununla yanaşı iribuynuzlu heyvanlardan bruselyoz xəstəliyinin müayinəsi üçün qan nümunələri götürülür. Həmçinin ev itlərində quduzluğa qarşı profilaktik peyvəndləmə tədbirləri aparılır. Tədbirlər yekunlaşdıqdan sonra ərazidə profilaktik dezinfeksiya işləri həyata keçirilir. İribuynuzlu heyvanlarda bu tədbirlərin fevralın birinci ongünlüyünə kimi yekunlaşdırılması nəzərdə tutulur.

Aparılan tədbirlər çərçivəsində rayonun Qaralar kəndində yerləşən Rəhimov Sahil Pasan oğluna məxsus "İmişli-R-Aqro" cins damazlıq heyvandarlıq kompleksində 450 baş və Qasımov Səxavət Qarakişi oğluna məxsus cins heyvandarlıq təsərrüfatında saxlanılan 240 baş heyvanda qarayara xəstəliyi əleyhinə peyvəndləmə aparılıb. Eləcə də cari ilin mövcud dövrü ərzində ümumilikdə rayonun ayrı-ayrı şəxsi təsərrüfatlarında 21550 baş iribuynuzlu, 455 baş təkdırnaqlı heyvanda qarayara, 1950 baş itdə quduzluq xəstəliyi əleyhinə profilaktik peyvəndləmə tədbiri aparılaraq 438 baş iribuynuzlu heyvandan bruselyoz xəstəliyinin müəyyən edilməsi məqsədilə qan nümunəsi götürülüb və 2000 kvadratmetr sahədə dezinfeksiya və dezinseksiya işləri görülüb.

Qeyd edək ki, İmişli rayon Baytarlıq idarəsinin mütəxəssisləri tərəfindən 2018-ci il ərzində qarayara xəstəliyinə qarşı 93576 baş iribuynuzlu, 247864 baş xırdabuynuzlu və 1641 baş təkdırnaqlı heyvanlar arasında peyvəndləmə aparılıb. Həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliyin qarşısını almaq məqsədi ilə 13176 baş iribuynuzlu və 3557 baş xırdabuynuzlu heyvanlardan (qoçlardan) qan nümunələri alınaraq Rayon Diaqnostik Kabinetində seroloji müayinə edilib. Eləcə də ötən il 1017 baş qapı itlərində quduzluq xəstəliyinə qarşı peyvəndləmə tədbiri aparılıb. Həmçinin başa vurduğumuz il ərzində rayonda saxlanılan heyvanlar arasında dabaq, nodulyar dermatit, leptospiroz, çiçək və digər xəstəliklər əleyhinə profilaktik peyvəndləmələr aparılmaqla yanaşı, 51500 kvadratmetr sahədə profilaktik dezinfeksiya tədbirləri icra olunaraq epizootik sabitlik təmin edilib.

Aparılan tədbirlər çərçivəsində baytar mütəxəssisləri qarayara, bruselyoz və digər iti yoluxucu xəstəlikləri barədə təsərrüfat sahiblərinə ətraflı məlumat verərək təsərrüfatlarında baytarlıq-sanitariya qaydalarına ciddi əməl edilmələrini tövsiyə ediblər. Təsərrüfatlarda hər hansı narahatçılıq olan zaman baytar həkimi ilə sıxı əlaqə saxlamalarının vacibliyi vurğulanıb. Həmçinin rayonun baytar mütəxəssisləri tərəfindən təsərrüfat sahiblərinə və sakinlərə heyvanların yemlənməsi və bəslənməsində zootexniki qaydalara əməl edilməsinə dair tövsiyələr verilib.

İmişli rayonunda bundan sonra isə epizootik tədbirlər plana uyğun olaraq ev quşları arasında nyukasl, iribuynuzlu heyvanlarda dabaq, nodulyar dermatit, leptespiros, bruselyoz, xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək, leptespiros xəstəliklərinə qarşı profilaktik peyvəndləmə tədbirlərinin aparılması yerinə yetiriləcəkdir. Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliklərin yayılmasının qarşısını almaq məqsədi ilə xırdabuynuzlu heyvanlardan (qoçlardan) qan nümunələrinin alınması, iribuynuzlu heyvanlarda vərəmə (allergik), qoçlarda infeksion epidedimitə (seroloji) və atlarda manqo xəstəliyinə görə (maleinizasiya) müayinələrin aparılması nəzərdə tutulur.

Dövlət Baytarlıq Xidməti tərəfindən rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib. Cari ildə dövlət vəsaiti hesabına alınan, “soyuq zəncir” rejimi gözlənilməklə bölgü əsasında sahə baytarlıq məntəqələrinə çatdırılan biopreparatlar, dezinfeksiya, dezinseksiya və müalicəvi dərman preparatları rayon baytarlıq idarələrinin əməkdaşları tərəfindən “Epizootiya əleyhinə profilaktika, diaqnostika tədbirlər planı”na uyğun olaraq əhalinin mal-qarasına ödənişsiz əsaslarla (pulsuz) tətbiq edilir.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir və bu sabitliyi qoruyub saxlamaq üçün Dövlət Baytarlıq Xidməti lazımi təşkilatı tədbirləri davam etdirir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi