Bakı. 10 noyabr. REPORT.AZ/ Azərbaycanın elm tutumlu ixrac potensialının gücləndirilməsinə yönələn məhsul və xidmətlərin istehsalı ölkədə hələ kifayət qədər deyil. "Report"un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib: "Lakin bunun üçün Azərbaycanda yetərincə imkanlar yaradılıb".
Nazirin sözlərinə görə, dövlət başçısının sərəncamı ilə ölkədə xüsusi innovativ sahibkarlığın inkişafı üçün lazımi şərait yaradılıb: "Bununla yanaşı, innovativ sahibkarlığı gücləndirmək üçün Azərbaycanda özəl şirkətlərə maliyyə dəstəyinin verilməsi məqsədi ilə xüsusi fondlar yaradılıb. Həmin fondlar vasitəsi ilə yerli şirkətlər beynəlxalq bazarlarda rəqabət qabiliyyətini daha da gücləndirəcək".
Ə.Abbasov həmçinin qeyd edib ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tərkibində xüsusi tədqiqatlar mərkəzi fəaliyyət göstərir: "Mərkəzdə istər Milli Elmlər Akademiyası, istərsə də bir çox universitetlərlə birlikdə nanoelementlərin, yeni tipli LED işıqların alınması, eləcə də çip istehsalı üçün lazım olan elmi-texniki və konstruktiv işlər görülüb. Bundan sonra əsas olan yeni biznes layihələri əsasında innovativ tipli yeni məhsulların inkişafını təmin etməkdir".