Yuxarı

Kürdəmirdə baramaçılıqla bağlı respublika müşavirəsi keçirilib

​Kürdəmirdə baramaçılıqla bağlı respublika müşavirəsi keçirilib
© Report

Kürdəmir rayonunda “Barama-2020: qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib. 

"Report" xəbər verir ki, müşavirədə Kənd Təsərrüfatı Nazirliyi Aparatının nümayəndələri, müxtəlif rayonların icra hakimiyyəti strukturlarının məsul şəxsləri, “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin (ASK) rəhbərliyi, Nazirliyin tabeli qurumlarının və Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorları, Elmi-Tədqiqat İnstitutlarının nümayəndələri, Azərbaycanın 40 rayonunda barama istehsalı ilə məşğul olan 200-ə yaxın kümçü iştirak edib.

Müşavirədən əvvəl nazir İnam Kərimov, Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov və tədbir iştirakçıları ölkəmizdə ilk dəfə olaraq Azərbaycan, Türkiyə, Özbəkistan və Çin modelləri əsasında nümunə üçün hazırlanmış mobil tipli kümxanalara baxış keçiriblər. Nazir bildirib ki, ipəkçiliklə məşğul olan hər bir rayon öz ehtiyatları hesabına təqdim olunan modellər əsasında kümxanalar qura bilərlər. O, mobil tipli kümxanalarla bağlı kümçülərin fikirlərini öyrənib, fermerlərlə baramaçılığın və ipəkçiliyin inkişafı istiqamətləri ilə bağlı fikir mübadiləsi aparıb.

Müşavirəni giriş sözü ilə açan C.Cəfərov bildirib ki, Prezident İlham Əliyevin 27 noyabr 2017-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üzrə Dövlət Proqramı”nın icrası istiqamətində rayonda baramaçılığın inkişaf etdirilməsi istiqamətində bir sıra addımlar atılıb və həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində baramaçılıq sahəsində yüksək nailiyyətlər əldə edilib: "Ötən il kümçülərimiz 22,6 ton barama tədarük edib ki, bu da 2016-cı il ilə müqayisədə 6,3 dəfə çoxdur. Barama istehsalından kümçülərimiz 204 min manata yaxın gəlir əldə ediblər”.

İ.Kərimov isə çıxış edərək qeyd edib ki, vaxtilə Azərbaycan barama istehsalına görə SSRİ-də Özbəkistandan sonra 2-ci, istehsal olunan ipəyin keyfiyyətinə görə isə 1-ci yeri tutub: "Bizim əsas məqsədimiz bu ənənəni bərpa etmək, məhsuldarlığı daha da artırmaqdır. Azərbaycanda barama istehsalı ilə məşğul olan şəxslərə emal müəssisəsinə təhvil verdikləri baramanın hər kiloqramı üçün 5 manat subsidiya verilir. Baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədilə dövlət vəsaiti hesabına 2016-2019-cu illər ərzində Çindən 4,5 milyon ədəd calaq edilmiş tut tingləri tədarük edilib və bölgü əsasında əvəzi ödənilmədən baramaçılıqla məşğul olan rayonlara paylanılıb. 2019-cu ilin investisiya proqramına uyğun olaraq, Zərdab Füzuli, Bərdə, Ağsu, Zaqatala rayonlarında gücü 200 ton olan yaş barama qurutmaxanalarının və 120 kvadratmetr sahəsi olan inkubasiya otaqlarının tikintisi başa çatmaq üzrədir. Bir sözlə, ölkəmizdə barama istehsalı ilə məşğul olan kümçülərə çoxşaxəli dövlət dəstəyi tədbirləri həyata keçirilir. Çox sevindirici haldır ki, aqrar sahənin bütün sahələrində olduğu kimi baramaçılıqda da inkişaf müşahidə edilir. Ötən il 643 ton barama tədarük olunub ki, bu da 25% artım deməkdir”.

Daha sonra çıxış edən ASK-nın baş direktoru Kamran Nəbizadə “Barama istehsalı və emalı sahəsində hədəflər”, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdov “Respublikada barama istehsalı ilə bağlı 2019-ci ilin yekunları və 2020-ci ildə qarşıda duran vəzifələr”, Qax Damazlıq İpəkçilik Stansiyasının direktoru Əkrəm Fətəliyev “Hibrid ipəkqurdu toxumçuluğu və inkubasiyanın təşkili” mövzusunda çıxış ediblər. Fizuli rayonundan olan kümçü Ağgül Bağırova isə baramaçılığın inkişafı ilə bağlı fikirlərini bölüşüb.

Müşavirədə tut tingləri ilə təminat, hibrid ipəkqurdu toxumçuluğunun inkişaf istiqamətləri, inkubasiyanın təşkili ətrafında fikir mübadiləsi aparılıb, fermerlərin təklifləri qeydiyyata alınıb. 

Müzakirələrin sonunda bu formatda görüşlərin davam etdiriləcəyi, qaldırılan məsələlərin həlli istiqamətində görülən işlər barədə fermerlərin məlumatlandırılacağı bildirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi