Kənd Təsərrüfatrı Nazirliyi Zərdabda aşkarlanan nöqsanla bağlı materialları Baş Prokurorluğa göndərib

Kənd Təsərrüfatrı Nazirliyi Zərdabda aşkarlanan nöqsanla bağlı materialları Baş Prokurorluğa göndərib Artıq vəsait məhsul istehsalçılarının bir qisminə ödənilməli məbləğdən azaldılaraq digər istehsalçıların bank hesablarına köçürülüb
ASK
28 Dekabr , 2016 11:27
Kənd Təsərrüfatrı Nazirliyi Zərdabda aşkarlanan nöqsanla bağlı materialları Baş Prokurorluğa göndərib

Bakı. 28 dekabr. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyinə daxil olan müraciətə əsasən, Nazirliyin internet saytında (http://agro.gov.az/subsidiyalar) yerləşdirilən məlumatda Şəhla Məmmədəli qızı İsmayılovaya ödəniləcək yardımın məbləği 9 900 manat göstərildiyi halda, "Kapital Bank" ASC-nin Zərdab filialı tərəfindən istehsalçıya 5 000 manat ödənilib. 

Nazirlikdən "Report"a verilən xəbərə görə, Kənd Təsərrüfatı Nazirliyinin apardığı araşdırmalar zamanı Yardımların verilməsi üzrə Respublika Komissiyası tərəfindən Zərdab rayon Komissiyasına təqdim edilən siyahı ilə Komissiyadan "Kapital Bank"ın yerli filialına göndərilmiş siyahı müqayisə edilib. Nəticədə məlum olub ki, 238 nəfər istehsalçıya Bank tərəfindən faktiki ödənilən vəsaitlə Respublika Komissiyasının ödənilməsi barədə qərar qəbul etdiyi vəsait arasında 37 185,50 manat fərq var. Nəzərdə tutulduğundan artıq olan həmin vəsait məhsul istehsalçılarının bir qisminə ödənilməli məbləğdən azaldılaraq digər istehsalçıların bank hesablarına köçürülüb.

Nazirlik bildirir ki, Nazirlər Kabinetinin 15 fevral 2007-ci il tarixli qərarına əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdikləri yanacaq və mühərrik yağlarının 50%-nin dövlət tərəfindən ödənilməsini təmin etmək məqsədi ilə hər hektara 50 manat məbləğində yardım verilir.

Qeyd edək ki, rayon icra hakimiyyəti başçılarının sərəncamı ilə yaradılan ərazi komissiyaları hər bir rayon üzrə əkin sahələri və yardım alan istehsalçılar barədə məlumatları toplayaraq, Yardımların verilməsi üzrə Respublika Komissiyasına təqdim edir. Yardımların köçürülməsi üçün rayon komissiyaları yardım veriləcək istehsalçıların siyahısı, bank rekvizitləri və onlara veriləcək yardımın məbləği barədə məlumatı müvəkkil banka göndərir.

Şəffaflığı təmin etmək üçün subsidiya alacaq kənd təsərrüfatı məhsulları istehsalçılarının siyahısı (rayonun, kəndin, məhsul istehsalçısının adı, əkin sahəsi və alacağı subsidiyanın miqdarı) Kənd Təsərrüfatı Nazirliyinin internet saytında (http://agro.gov.az/subsidiyalar) yerləşdirilir.

Kənd Təsərrüfatı Nazirliyi aşkar etdiyi nöqsanlara hüquqi qiymət verilməsi üçün sənədləri Respublika Prokurorluğuna göndərib.

Son xəbərlər

Orphus sistemi