Yuxarı

Kənd təsərrüfatında sığorta sistemi ilə bağlı mövcud qanunvericiliyin təkmilləşdirilməsi müzakirə edilib

Kənd təsərrüfatında sığorta sistemi ilə bağlı mövcud qanunvericiliyin təkmilləşdirilməsi müzakirə edilib
Bu məsələ Beynəlxalq Maliyyə Korporasiyasının mütəxəssisləri ilə birgə təhlil edilib

Bakı. 20 oktyabr. REPORT.AZ/ Kənd təsərrüfatı sığortasının inkişafı üçün stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi, xüsusilə Yol Xəritəsində nəzərdə tutulmuş “Kənd təsərrüfatında sığorta sistemi ilə bağlı mövcud qanunvericiliyinin təkmilləşdirilməsi” və bu sahədə yeni qanun layihəsinin hazırlanması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatasının nümayəndələrindən ibarət olan işçi qrupu Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) mütəxəssisləri ilə birgə qanun layihəsinin yekun versiyası üzrə müzakirələr keçirib. 

Bu, Kənd Təsərrüfatı Nazirliyindən "Report"a daxil olan məlumatda bildirilib.

Hazırlanan yeni qanun layihəsi ölkədə aqrar sığortanın təkmilləşdirilməsini, müasir aqrar-sığorta modelinin hazırlanmasını, bu sistemin səmərəli fəaliyyəti üçün müvafiq hüquqi-normativ bazanın təşkil edilməsi və texniki bazanın yaradılmasını ehtiva edir.

Sığortanın kənd təsərrüfatında geniş tətbiqi ölkədə müvafiq sahə üzrə maliyyə resurslarına çıxış imkanlarını təkmilləşdirəcək, aqrar sahəyə biznes marağı və investisiyaları təşviq edəcək, eyni zamanda davamlı inkişaf və dayanıqlılığın artırılmasına, istehsalın yüksəlməsinə, ərzaq təhlükəsizliyinin təmin olunmasına və eləcə də kənd təsərrüfatı məhsullarının ixracına birbaşa təsir göstərəcək.

Yeni qanunun tətbiqi nəticəsində kənd təsərrüfatı sahəsinə xas olan risklərin qiymətləndirilməsini, aqrar sektorun maliyyələşdirilməsinin gücləndirilməsini, o cümlədən şəffaf və maliyyə cəhətdən davamlı olan kənd təsərrüfatı sığortası sisteminin fəaliyyəti kontekstində institusional və insan resursları potensialının inkişaf etdirilməsini özündə ehtiva edən sistemin təşkili üçün müvafiq şərait və zəruri texniki bacarıqlar yaradılacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi