Bakı. 28 may. REPORT.AZ/ Ötən il ərzində Azərbaycanda Kənd Təsərrüfatı Nazirliyi üzrə yerli qurumların saxlanması, kənd təsərrüfatı məhsulları qiymətlərinin sabitləşdirilməsi və kənd təsərrüfatına dair digər tədbirlərlə bağlı dövlət büdcəsindən 14 016, 9 min manatın ayrılması nəzərdə tutulub.
"Report" xəbər verir ki, bu barədə Hesablama Palatasının Azərbaycanın 2015-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata rəyində qeyd olunub.
Hesabat ilində 10 087,7 min manat (proqnozun 72%-i) həcmində maliyyələşmə açılıb, faktiki xərc isə 9 914,2 min manat (70,7%) olub. Dövlət büdcəsinin funksional təsnifatının "Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi" bölməsinin "Kənd təsərrüfatı" köməkçi bölməsi çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 2015-ci ildə xərclənmiş vəsait 2014-cü illə müqayisədə 27,2% təşkil edib.
Təqdim edilmiş hesabatlara əsasən, açılmış maliyyələşmədən ilin sonunda 1,9% istifadə edilməyərək geri qaytarılıb. Hesabat ilinin sonuna büdcə vəsaitləri üzrə "Məhsula görə ödənişlər" xərc maddəsi üzrə xərclənmiş vəsaitin 11,8%-i səviyyəsində debitor borc yaranıb.