Yuxarı

Kənd Təsərrüfati Nazirliyi süd məhsullarının dəyər zəncirinin inkişafi üçün beynəlxalq şirkətlə müqavilə imzalayıb

Kənd Təsərrüfati Nazirliyi süd məhsullarının dəyər zəncirinin inkişafi üçün beynəlxalq şirkətlə müqavilə imzalayıb
“Stewart Routlege MENA” tender nəticəsində seçilib

Bakı. 8 sentyabr. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyinin Dünya Bankı ilə birgə həyata keçirdiyi “Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi” layihəsi çərçivəsində ölkədə süd məhsulları dəyər zənciri araşdırılacaq və dəstəklənəcək. 

Nazirlikdən "Report"a daxil olan məlumata görə, dəyər zəncirinin araşdırılması və qiymətləndirilməsi məqsədi ilə layihəyə beynəlxalq məsləhətçi şirkət cəlb edib. 

Tender nəticəsində seçilmiş qlobal “Stewart Routlege MENA” şirkəti ilə müqavilə imzalanıb.

Şirkətin rəhbəri Stüart Rutleci nazir Heydər Əsədov qəbul edib. Nazir süd məhsulları bazarının ölkə iqtisadiyyatı üçün böyük əhəmiyyət daşıdığını bildirib. Qeyd edib ki, son bir neçə ildə kənd təsərrüfatının digər sahələri kimi, heyvandarlıq sahəsinə də diqqət artıb. Azərbaycan Prezidentinin iştirakı ilə bir neçə gün əvvəl Göygöl rayonunda Respublika Süni Mayalanma Mərkəzinin açılmasının ölkədə mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində dönüş olacağını vurğulayan nazir süni mayalandırma ilə doğulan buzovlara görə dövlət tərəfindən subsidiya verildiyini bildirib. Bundan başqa, xaricdən gətirilən cins mal-qaranın “Aqrolizinq” ASC xətti ilə lizinq yolu ilə güzəştlə satılmasının da ölkədə daha məhsuldar cins heyvanların yetişdirilməsinə səbəb olduğunu əlavə edib.

“Ölkədə iri heyvandarlıq komplekslərinin yaradılması süd məhsulları dəyər zəncirinin əsasıdır. Buna görə də biz ölkənin bir sıra regionlarında iri heyvandarlıq müəssisələrinin yaradlması üçün layihələrin hazırlanması, iri istehsalçılarla yanaşı kiçik ölçülü ailə-kəndli təsərrüfatlarının inkişaf etdirilməsi, yem ilə təminat və istehsal edilən məhsulun emalı üçün ailə təsərrüfatları ilə inteqrasiyalı fəaliyyətin təmin edilməsi istiqamətində iş aparırıq”, - deyə H.Əsədov qonağın diqqətinə çatdırıb.

Onun sözlərinə görə, nazirlik “Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi” layihəsi çərçivəsində ölkədə brusellyoz xəstəliyi təhlükəsinin tamamilə aradan qaldırılması kimi əhəmiyyətli fəaliyyətə başlayıb ki, bu da süd məhsulları istehsalına birbaşa təsir edəcək müsbət addımdır.

“Süd məhsulları dəyər zəncirinin inkişafı” komponenti iki mərhələdə həyata keçiriləcək. İlk mərhələdə ölkənin süd məhsulları bazarı – istehsalçılar, istehlak həcmi araşdırılıb, dəyərləndiriləcək və ünvanlı dəstək göstərilməsi ilə bağlı tövsiyələr hazırlanacaq. Növbəti mərhələdə isə süd məhsulu istehsalı üçün iri və orta ferma və müəssisələrin yaradılması (dizayn və qiymətləri) barədə layihələr təklif ediləcək.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi