Kənd Təsərrüfatı Nazirliyi Elmin İnkişaf Fondu ilə əməkdaşlıq protokolu imzalayıb

Kənd Təsərrüfatı Nazirliyi Elmin İnkişaf Fondu ilə əməkdaşlıq protokolu imzalayıb Bakı. 6 mart. REPORT.AZ/ Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov Prezident yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayevlə görüşüb.
ASK
6 Mart , 2018 13:11
Kənd Təsərrüfatı Nazirliyi Elmin İnkişaf Fondu ilə əməkdaşlıq protokolu imzalayıb

Bakı. 6 mart. REPORT.AZ/ Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov Prezident yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayevlə görüşüb.

Bu barədə "Report" nazirliyə istinadən xəbər verir. 

Məlumata görə, görüşdə nazir bildirib ki, prezident sərəncamlarına uyğun olaraq çəltikçilik, çayçılıq və sitrus meyvəçiliyinin inkişafı sahəsində qəbul edilmiş Dövlət Proqramlarında aidiyyəti tədbirlərin həyata keçirilməsində Elmin İnkişafı Fondu icraçılardan biri kimi müəyyən edilib. O, son vaxtlar ölkə rəhbərliyinin qəbul etdiyi Dövlət Proqramları, kənd təsərrüfatının ənənəvi sahələri, o cümlədən çətikçilik, çayçılıq, sitrus meyvəçiliyi, baramaçılıq üzrə tədqiqatların aparılmasını, yüksək ixtisaslı elmi kadrların hazırlanmasını, alimlərin, bacarıqlı gənc tədqiqatçıların, mütəxəsislərin aqrar elm sahəsində elmi fəaliyyətinin stimullaşdırılmasına birgə dəstək göstərilməsini məqsədəuyğun hesab edib. 

E.Babayev rəhbərlik etdiyi fondun çoxşaxəli fəaliyyəti barədə məlumat verərək aqrar sahə üzrə tədqiqatların aparılması üçün dəstək veriləcəyini diqqətə çatdırıb, imzalanacaq Protokolun hüquqi müstəvidə aqrar sahədə tədqiqatlar üzrə əməkdaşlığın inkişafına öz töhfəsini verəcəyini bildirib. Növbəti mərhələdə Cənub və Gəncə-Qazax bölgələrində birgə konfrans və simpoziumların keçirilməsini məqsədəuyğun hesab edib.

Nazir Heydər Əsədov nazirliyin tabeliyində fəaliyyət göstərən Elmi-tədqiqat İnstitutlarına prioritet istiqamətləri müəyyənləşdirməklə elmi-tədqiqat proqramlarının, layihələrin və digər elmi tədbirlərin qrant şəklində ünvanlı maliyyələşdirilməsi üzrətəkliflərin hazırlanaraq təqdim olunması barədə tapşırıq və tövsiyələrini verib.

Görüşün sonunda iki qurum arasında əməkdaşlıqpProtokolu imzalanıb. Protokolda əməkdaşlığın əsas istiqamətləri - birgə xüsusi Qrant müsabiqələrinin keçirilməsi, elmi-tədqiqat işlərinin prioritet istiqamətlərinin müəyyənləşdirilməsi, alim və mütəxəssislərin qrant müsabiqələrində iştirakının stimullaşdırılması məqsədi ilə təlim və seminarların (o cümlədən regionlarda) keçirilməsi, müvafiq məsləhətlərin verilməsi, elmi-tədqiqat işlərinin nəticəliliyinin və səmərəliliyinin artırılması sahəsində birgə tədbirlərin həyata keçirilməsi, aqrar elmlərin inkişafı üzrə beynəlxalq təcrübənin öyrənilməsi, habelə tərəflərin beynəlxalq elmi və elmi-təşkilati fəaliyyətində qarşılıqlı dəstəyin göstərilməsi məsələri öz əksini tapıb. Həmçinin Fond nazirliklə birlikdə Dövlət Proqramları üzrə çəltik istehsalı və emalı sahəsində elmi-texniki nailiyyətlərin yayılması, çayçılıqla və sitrusçuluqla məşğul olan elmi tədqiqat müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi tədbirlərinin həyata keçirilməsində də yaxından iştirak edəcək.

Sonda Elmin İnkişafı Fondunun nəşr etdiyi kitablar Kənd Təsərrüfatı Nazirliyinə təqdim olunub.

Son xəbərlər

Orphus sistemi