Yuxarı

Kənd təsərrüfatı naziri Göygöldə vətəndaşlarla görüşüb

Kənd təsərrüfatı naziri Göygöldə vətəndaşlarla görüşüb
Görüşdən sonra nazir Respublika Süni Mayalama Mərkəzində görülən işlərlə tanış olub

Bakı. 16 dekabr. REPORT.AZ/ Kənd təsərrüfatı naziri Heydər Əsədov Göygöl rayon kənd təsərrüfatı idarəsinin inzibati binasında Aqrolizinq” ASC-dən kənd təsərrüfatı texnikalarını lizinqə götürən hüquqi və fiziki şəxslərlə görüşüb.

Nazirlikdən "Report"a verilən xəbərə əsasən, Göygöl, Samux, Yevlax, Goranboy və digər ətraf rayonlardan olan 61 istifadəçiyə lizinq yolu ilə verilən ümumilikdə 2 163 460 manat məbləğində 103 ədəd müxtəlif kənd təsərrüfatı texnikasına 843 447 manat məbləğində güzəşt tətbiq edilib. Xüsusi Komissiyanın qərarına əsasən tətbiq olunan güzəşt əsasında istifadəçilərlə yeni lizinq müqavilələri bağlanılıb. O cümlədən güzəşt tətbiq edildikdən sonra 16 ədəd müxtəlif kənd təsərrüfatı texnikası istifadəçilərin mülkiyyətinə verilən və Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rayonlar üzrə bölmələrində qeydiyyata alınıb. Müvafiq sənədlər vətəndaşlara təqdim edilib. Bununla belə, ASC əməkdaşları lizinq yolu ilə əldə etdikləri kənd təsərrüfatı texnikalarının ilkin dəyərinin 20%-ni ödəmiş istifadəçilərdən güzəşt üçün elektron ərizələri qəbul ediblər.

Bugünədək “Aqrolizinq”dən ölkə üzrə 6863 istifadəçinin lizinqə götürdüyü 15 563 ədəd müxtəlif kənd təsərrüfatı texnikasına ümumilikdə 88 632 092 manat məbləğində güzəşt tətbiq edilib.

Tədbirdə 150 mexanizatora Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Texniki Nəzarət Müfəttişliyi tərəfindən traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün elektron qaydada sürücülük vəsiqələri təqdim olunub.

Daha sonra nazir Göygöl, Goranboy, Yevlax, Samux və Daşkəsən rayonlarından olan vətəndaşları qəbul edib. Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin də iştirakı ilə keçirilən qəbulda 30 nəfərin müraciətinə baxılıb.

Müraciətlər əsasən ixtisasa görə işlə təminat, torpaqların təyinatının dəyişdirilməsi, cins mal-qaranın alınması, subsidiyaların verilməsi, texniki təminat və digər məsələlərlə bağlı olub.

H.Əsədov vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinləyərək hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün nazirliyin müvafiq strukturlarının rəhbərlərinə tapşırıqlar verib.

Qəbulda vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan digər məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.

Nazirliyin fəaliyyət dairəsinə aid olmayan digər müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

Sakinlərlə görüşdən sonra H.Əsədov Respublika Süni Mayalama Mərkəzində görülən işlərlə tanış olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi