Yuxarı

Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracı sahəsində vəziyyət - ARAŞDIRMA

Kənd təsərrüfatı məhsullarının ixracı: Rusiya əsas bazarlardan biridir

225

Azərbaycanla qonşu ölkələrdən biri olan Rusiyaya qarşı sanksiya tətbiq edən dövlətlərdən gətirilən quş növləri, ət, süd məhsulları, balıq, habelə qoz-fındıq, meyvə, tərəvəz və digər kənd təsərrüfatı məhsulları embarqo altındadır. Bu dövlətlər sırasında Avropa Birliyi ölkələri, ABŞ, Kanada, Avstraliya və Norveç də var. Nəticədə daxili bazarın balanslaşdırılması üçün Rusiya Federasiyası əsasən MDB ölkələrindən, o cümlədən Azərbaycandan ərzaq və kənd təsərrüfatı məhsullarının idxalını təşviq edir.

“Report” Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracı sahəsində ümumi vəziyyəti öyrənib.

Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri, kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli hesab edir ki, kənd təsərrüfatı məhsullarının ixracı istiqamətində Rusiya bazarı Azərbaycan üçün çox əhəmiyyətli bazarlardan biridir:

Nicat Nəsirli

Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri Nicat Nəsirli:

"Rusiya bazarı bizim üçün çox vacib və ən əlçatan bazardır".

“Biz bu bazara ənənəvi bazar deyirik. XX əsrin ikinci yarısından başlayaraq Azərbaycan, demək olar ki, bütün növ kənd təsərrüfatı məhsullarını Rusiya bazarına göndərirdi. Bunun qarşılığında Rusiyadan texnika, texnologiya və kənd təsərrüfatı fəaliyyətini qurmaq üçün digər tələb olunan məhsullar alırdı. İndi də Rusiya bazarı bizim üçün çox vacib və ən əlçatan bazardır. Mövsüm ərzində məhsullarımızın böyük hissəsi Rusiya bazarına gedir.

Rusiya bazarlarına əsasən faraş yetişən məhsullar göndəririk. Bunlardan, ilk növbədə, əsasən Cəlilabad, Tovuz, Şəmkir və Gədəbəydə yetişən yazlıq kartofu qeyd etməliyik. Aprel ayının birinci on günlüyündən başlayaraq təxminən ildə 300 min tondan çox Rusiya bazarına faraş kartof göndəririk. Rusiya bazarlarında ikinci mövqe qazanan məhsulumuz da tərəvəz məhsuludur. Belə ki, pomidor il ərzində ölkəyə 150 milyon ABŞ dollarından çox gəlir gətirir. Rusiya bazarında Azərbaycan pomidoruna xüsusi bir rəğbət var. Azərbaycan pomidoru və ya Zirə pomidoru adı ilə nəinki Moskvada, hətta Rusiyanın digər bölgələrində belə satılır. Rusiyanın bir sıra bazarlarında Qırğızıstan, Özbəkistan və Türkiyədən gətirilən pomidorları Azərbaycan pomidoru adı ilə markalayaraq istehlakçılara təqdim edirlər. Nar və xurma məhsullarımız da orda böyük məmnuniyyətlə qarşılanır. Bu sıraya fındığı da əlavə etməliyik. Azərbaycan fındığı yağlılığına görə Rusiya və digər dünya bazarlarında rəğbətlə qarşılanır. İldə fındıqdan təxminən 100 milyon ABŞ dollarından çox gəlir əldə edirik".

N.Nəsirlinin sözlərinə görə, son illər dünyanın bazar konyukturasında gedən prosesləri Rusiyada da müşahidə edirik: "Rusiya bazarında çox ciddi şəkildə konyuktura dəyişmələri əmələ gəlir. Nəzərə almalıyıq ki, artıq Rusiya bazarı sovet dövründəki bazar deyil və bu bazarda böyük ölkələrin rəqabəti var. Onlar da öz məhsullarını Rusiya bazarına gətirib genişmiqyaslı satışlar etmək istəyirlər. Buna görə də bizim üçün son illər bir sıra qayğılar ortaya çıxıb. Hazırda biz bütün məhsullarımızı Rusiya bazarına göndərə bilmirik. Rusiya bazarında bu mənada bir ixtisaslaşma gedir. Son illər çox böyük istehsal həcminə malik ölkələr, o cümlədən Cənubi Amerika ölkələri, Türkiyə Rusiya bazarlarında genişlənməyə çalışırlar. Xüsusən Türkiyə Rusiya bazarlarına, əsasən pomidor və digər məhsullarla Qara dəniz üzərindən ciddi həmlələr edir. Ona görə də bu gün Rusiya bazarı kifayət qədər rəqabətli bazardır və bu bazarda mövqeləri möhkəmləndirmək üçün həm dövlət səviyyəsində, həm də şəxsi prizmadan işlər görülməlidir. Dövlət ixracın stimullaşdırılması istiqamətində addımlar atır. Rusiya, Çin və digər ölkələrdə ixrac missiyaları, sərgilər təşkil olunur, Azərbaycan məhsulları tanıdılır. Burada sahibkarlarımızın üzərinə düşən məsələ məhsulların markalanması, standartlara cavab verməsi, sertifikasiya məsələləridir". 

Ekspertin məlumatına görə, artıq Rusiya son 5 ildir ki, xüsusən tərəvəzçilik sahəsində ciddi infrastruktur qurmağa nail olub. Ona görə də Rusiya bazarında mövqe əldə etmək üçün markalanma və ixtisaslaşma çox vacib məsələlərdəndir:

"Bizim tək Rusiyaya deyil, digər ölkələrə də gedən məhsullarımızın sertifikatlaşdırılması, markalanması və qablaşdırılmasında çox ciddi problemlər var. Mövsüm ərzində sahibkarlardan bu mövzuda çoxsaylı şikayətlər eşidirik. Bəzən bazarlarda bizim məhsulları qəbul etmirlər. Bu gün dünya o qənaətə gəlib ki, artıq hər bir marka adının olması və qablaşdırılması çox vacib məsələdir. Hər bazarda qablaşdırılmaya qarşı tələblər yüksəkdir. Məsələn, Rusiya bazarlarında son vaxtlar ekoloji baxımdan təhlükəsiz hesab edilən taxtadan hazırlanmış qablardan çox istifadə edirlər. Bizim sahibkarlar isə bu tələbi qarşılaya bilmədiyinə görə, o bazarlarda mövqe əldə etməyə çətinlik çəkirlər. Bizdə qablaşdırma sahəsində ixtisaslaşmış müəssisələr yoxdur. Tək kənd təsərrüfatı deyil, digər sahələrlə də məşğul olan sahibkarlarımız qablaşdırma məhsulunu Türkiyə, İran və uzaq Avropa ölkələrindən gətirirlər ki, bu da məhsulun bazarlarda rəqabət qabiliyyətinə ciddi şəkildə mənfi təsir göstərir. Bizdəki problemlərdən biri də şirkətlərdə aqromarketinq xidmətlərinin olmamasıdır".

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ramil Hüseyn qeyd edib ki, 2018-ci ildə olduğu kimi 2019-cu ildə də Azərbaycandan ən çox kənd təsərrüfatı məhsulları Rusiya Federasiyasına ixrac edilib:

Ramil Hüseyn

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ramil Hüseyn:

"Azərbaycanın kənd təsəsrrüfatı məhsulları ixrac etdiyi ölkələr sırasında son 5 ildə Rusiya lider mövqeydə olub və 2019-cu ildə də bu mövqeyini qoruyub”.

"Xüsusən də meyvə-tərəvəz ixracımızda Rusiya ön sırada gəlir. Son 3 ildə Rusiyaya ən çox ixrac etdiyimiz məhsul isə pomidor olub. Belə ki, 2017-ci ildə Rusiyaya 151 milyon ABŞ dolları, 2018-ci ildə isə 176 milyon ABŞ dolları dəyərində pomidor ixrac etmişik. Başqa sözlə pomidor ixracımızın 99%-i Rusiyanın payına düşüb. Həmçinin 2017-ci ildə Rusiyaya 85 milyon ABŞ dolları, 2018-ci ildə 105 milyon ABŞ dolları dəyərində təzə xurma ixrac olunub. Azərbaycanın xurma ixracının 2017-ci ildə 93%-i, 2018-ci ildə isə 92%-i Rusiyaya reallaşdırılıb. 2019-cu ildə Azərbaycandan xaricə cəmi 104,6 milyon ABŞ dolları dəyərində xurma ixrac olunub ki, bunun da 95,3 milyon ABŞ dolları və ya bu məhsul ixracının 91%-i Rusiya üzərinə düşür.

. Bu siyahını kifayət qədər genişləndirmək olar. Amma qısaca olaraq onu deyim ki, 2019-cu ildə Rusiyaya ən çox pomidor ixracı etmişik. Belə ki, 2019-cu ildə pomidor ixracımız 189 milyon ABŞ dolları təşkil edib və bu məhsulun 99%-i Rusiyaya ixrac edilib.

Azərbaycandan kənd təsərrüfatı məhsulları, xüsusən də meyvə-tərəvəz ixracı əsasən özəl şirkətlər tərəfindən həyata keçirilir. Dövlətə məxsus şirkətlər ancaq pambıq ("Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC 2019-cu ildə 24 milyon ABŞ dolları dəyərində ixrac həyata keçirib), tütün ("Azərtütün Aqrar Sənaye Kompleksi" MMC 2019-cu ildə 2,5 milyon ABŞ dolları dəyərində ixrac həyata keçirib) və ipək ("Azəripək" MMC 2019-cu ildə 759 min ABŞ dolları dəyərində ixrac edib) ixracında fərqlənirlər. Bir də "Aqrar Tədarük və Təchizat" ASC kənd təsərrüfatı məhsullarının ixracına müəyyən qədər töhfə verir. Doğrudur, 2017-ci ildə "Ərzaq Məhsullarinin Tədarükü və Təchizati" ASC 32,3 milyon ABŞ dolları dəyərində kənd təsərrüfatı məhsullarının ixracını həyata keçirmişdi. Hazırda isə bu ASC fəaliyyət göstərmir.

Konkret olaraq Rusiyaya gəldikdə isə deyə bilərik ki, bu ölkəyə ixrac əsasən özəl şirkətlər tərəfindən həyata keçirilir. Kənd təsərrüfatı məhsullarının ixracında dövlət şirkətlərinin payı çox cüzidir.

2017-ci ilə kimi Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracını əsasən fiziki şəxslər həyata keçiridilər. Amma 2017-ci ildən etbarən ölkəmizdə həyata keçirilən islahatlar və gömrükdə şaffaflaşdırma siyasəti nəticəsində bu sahədə tendensiya dəyişdi və Rusiyaya məhsul ixracı həyata keçirən fiziki şəxslər şirkətlər yaradaraq ixracı da onun vasitəsi ilə reallaşdırmağa başladılar. 2019-cu ildə də Rusiyaya kənd təsərrüfatı məhsullarımız əsasən hüquqi şəxslər vasitəsi ilə ixrac edilib.

Azərbaycanın kənd təsəsrrüfatı məhsulları ixrac etdiyi ölkələr sırasında son 5 ildə Rusiya lider mövqeydə olub və 2019-cu ildə də bu mövqeyini qoruyub”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi